Bakıda bəzi hotellər satışı dayandırdı - YERLƏR DOLUB
Bakının mərkəzindəki bəzi beşulduzlu hotellər iyulun sonu-avqustun əvvəli üçün olan dövr üzrə otaq nömrələrinin satışını dayandırıb.
Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, ümumilikdə yay ayları turizm mövsümü hesab olunur. İyulun sonu-avqustun əvvəli isə turizm mövsümünün pik dövrü sayılır. Həmin dövrdə Bakıda hotellərin dolma səviyyəsi yüksək – 60-80 faiz olur:
“Amma bu il turizm mövsümünün olması ilə yanaşı, iyulun sonunda XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi hotellərə olan tələbatı daha da artırıb. Oyunlar ərəfəsində Bakının mərkəzindəki hotellərdə yerlər dolub. Ümumilikdə mərkəzdəki bəzi 5 ulduzlu hotellərin iyulun sonu-avqustun əvvəli üçün otaq yerləri 100 faiz dolub, buna görə də həmin hotellər qeyd edilən dövr üçün satışı dayandırıb”.
N.Bağırov əlavə edib ki, iyulun sonu-avqustun əvvəli üçün olan dövrdə Bakıdakı 3 və 4 ulduzlu hotellər də yerlərini 70-80 faiz doldurublar.
Assosiasiya sədri hotellərdə yerlərin daha çox ərəb ölkələrindən gələn turistlər tərəfindən bron edildiyini də söyləyib.
Xatırladaq ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılışı iyulun 21-də, bağlanışı iyulun 27-də olacaq.