Sosial iqtisadiyyat

“Azərbaycan Sənaye Korporasiyası”nda Ekspertlər Şurası yaradılıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də (ASK) Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən Zəylik Alunit Mədəni” ilə bağlı keçirilən ikimərhələli tender üçün Ekspertlər Şurası yaradılıb.

Bu barədə “ENA”ya ASK-dan məlumat verilib.

Xatırladaq ki, Korporasiya mədənin alunit filizi ehtiyatlarının qiymətləndirilməsi və müasir zənginləşdirmə texnologiyası ilə alunit filizindən gil-torpaq istehsalı üçün zəruri olan alunit konsentratının əldə edilməsi, hasil edilən alunit konsentratını emal etməklə tərkibindəki gil-torpaq, gübrələr və digər yararlı məhsulların çıxarılması üçün tətbiq olunacaq iqtisadi baxımdan səmərəli, ekoloji cəhətdən təhlükəsiz texnologiyanın seçimi, bu texnologiyanın laboratoriya, yarımsənaye və sənaye sınaqlarının aparılması, həmçinin ətraflı texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün tender elan edib. Ekspertlər Şurası bu tenderin nəticələrinin dəyərləndirilməsi, əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi ilə məşğul olacaq.

Şuranın tərkibində ASK və onun nəzdində fəaliyyət göstərən “Azəralüminium” MMC, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu və akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Kimya, neftkimya və neftqaz emalı sənayesində işlərin görülməsinə nəzarət müfəttişliyi və Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti müfəttişliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “AzərGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsi, Milli Geoloji Kəşfiyyat Xidməti, eləcə də xaricdən dəvət olunmuş metallurgiya üzrə təcrübəli mühəndis heyəti və məsləhətçi qrup - “Jaleem Engineers” MMC-nin boksit və alüminium sahələri üzrə məsləhətçisi Errol Jaeger, İstanbul Texniki Universitetinin metallurgiya mühəndisi Onuralp Yücel və metallurgiya mühəndisi Erman Car təmsil olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department