Azərbaycanın gəlirlərində "qaz satışı" önə keçir
Bu ilin I yarısında Azərbaycan 5 milyard 664 milyon 612 min kubmetr həcmində təbii qaz ixrac edib.
Dövlət Gömrük Komitəsinin aylıq statistikasına əsasən, bu dəyər ifadəsində 1 milyard 47 milyon 681 min ABŞ dolları təşkil edib. Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 10,5% olub.
Bu ilin I yarısında ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 82,7%, dəyəri isə 83,7% çoxdur.
Azərbaycan neft ixracını 17% artırıb və 15 milyon 833 min 151 ton xam neft və bitumlu minerallardan hazırlanan xam neft məhsulları ixrac edib. Bu həcmdə məhsulun dəyəri 7 milyard 671 milyon 234 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 76,87% olub.
Bu ilin I yarısında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 16,7%, dəyəri isə 10% çoxdur.
Neft məhsullarının ixracı azalıb və Azərbaycandan 520 min 998 ton neft məhsulları ixrac edilib. Bu miqdarda neft məhsullarının dəyəri 261 milyon 182,53 min ABŞ dolları təşkil edib. Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,62% olub. Bu ilin I yarısında ixrac olunan neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 4,9%, dəyəri isə 7,6% azdır.