Aqrar sahədə yeni subsidiya mexanizmi yaradIlIr - FƏRMAN
Prezident İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman imzalayıb.
ENA.az xəbər verir ki, fərmanla “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiqlənib.
Qaydaya əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 manat müəyyən edilib.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsini təmin etmək, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla “Subsidiya” informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentlərini beş ay müddətində təsdiq etmək, kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmasının nəticələri ilə bağlı ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat vermək tapşırılıb.
Fərmanda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi aidiyyəti dövlət qurumları ilə birlikdə “Subsidiya” informasiya sisteminin aşağıdakı məlumatlarla təmin olunması məqsədilə müvafiq informasiya sistemlərinin “Elektron Hökumət” informasiya sistemi vasitəsilə “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiyasını Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq təmin etsin:
1. istehsalı, idxalı və satışı həyata keçirilən kənd təsərrüfatı istehsal vasitələri və məhsulları barədə məlumatlar, ixtisaslaşmanın aparılması üçün tələb olunan aqroiqlim və hidrometeoroloji məlumatlar,
2. kənd təsərrüfatı təyinatlı torpaqlar, onların mülkiyyətçisi, istifadəçisi və icarəçisi barədə aktual məlumatlar.
Maliyyə Nazirliyinə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar üzrə 2019-cu ildə yaranmış öhdəliklərin cari ildə ayrılmış büdcə vəsaiti hesabına ödənilməsi mümkün olmadıqda, həmin ödənişlərin növbəti il üçün dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulan vəsait hesabına aparılmasını təmin etmək;
yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri həmin ərazidə fəaliyyət göstərən fermerlərin subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsində və maarifləndirmənin həyata keçirilməsində iştirak etmək tapşırılıb.
Bu fərmanın 1-ci və 2-ci hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.