Azərbaycanda sahibkarlıq kreditləri üzrə prosedur qaydaları dəyişib
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər çərçivəsində sahibkarların, xüsusilə kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, eləcə də kredit zəmanət mexanizminin təkmilləşdirilməsi və stimullaşdırılmasına dəstək məqsədilə İdarə Heyətinin 25 may 2018-ci il tarixli 08-2018 nömrəli qərarı ilə təsdiq edilən “Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsinin prosedur Qaydaları”na (Qaydalar) dəyişiklik edib.
"ENA" xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.
Dəyişikliyə əsasən, zəmanət verilməsi üçün müvəkkil bank tərəfindən təqdim edilən sənədlərin siyahısı ilə bağlı kredit məbləği üzrə müvafiq hədd 200 min manatdan 350 min manata qaldırılıb. Bundan başqa, yeni qaydalara görə, təminatın kreditə nisbəti kateqoriyaları borcalanın kredit reytinqi ilə əlaqələndirilir. Başqa sözlə, kredit reytinq modelinə əsasən yüksək reytinqə malik, yəni risk səviyyəsi aşağı olan sahibkarlıq subyektlərindən təminat tələb olunmur. Reytinqə əsasən orta risk səviyyəsinə malik sahibkarlıq subyektlərinin təminatına tələblər isə daha da yumşaldılıb. Bundan başqa, zəmanət üzrə müraciət zamanı tələb olunan sənədlər də sadələşdirilib.
Qeyd olunan dəyişikliklər təminat yetərsizliyi səbəbindən bank kreditlərinə çıxışı olmayan sahibkarlıq subyektləri üçün maneələrin aradan qaldırılmasına, istər say, istər sektor, istərsə də coğrafi baxımdan daha çox sahibkarın maliyyə resurslarına çıxış imkanlarının artırılmasına şərait yaradacaq. Eyni zamanda, yeni qaydalar bankların kredit risklərini sığortalamaqla kredit layihələrinin maliyyələşməsini stimullaşdıracaq.
Qaydalara edilən yeni dəyişikliklərlə bağlı müvəkkil banklarla görüş təşkil olunub, təqdimat keçirilib, suallar cavablandırlıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”nın 7.4-cü bəndinə görə, təminatın kreditə nisbəti kateqoriyalarının (aşağı, yuxarı və orta) hədlərini Fondun İdarə Heyəti müəyyən edir və ona ən azı ildə bir dəfə olmaqla yenidən baxılır.