Vergi Məcəlləsinə dəyişikliklərin ilk 4 ayında nə baş verdi? - HESABAT
Vergilər nazirinin müşaviri Xəqani Abdullayev III Milli Mühasiblər Forumunda ilkin fiskal nəticələri şərh edib
İyun ayının 12-də Bakı Biznes Mərkəzində Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Respublikası Auditorlar Palatasının, "İqtisadi resursların öyrənilməsi" İctimai Birliyinin, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin, Gənc Mühasiblər Birliyinin, Azərbaycan Risk Peşəkarları Assosiasiyasının və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (birgə təşkilatçılığı ilə III Milli Mühasiblər Forumu keçirilib.
ENA.az xəbər verir ki, Forumda çıxış edən vergilər nazirinin müşaviri Xəqani Abdullayev vergi islahatlarının ilkin nəticələrinə dair bəzi statistik məlumatları diqqətə çatdırıb.
Qeyd olunub ki, 2019-cu ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 9,4 faiz artaraq 2.609.5 mln. manat olub, vergi proqnozu 111,7 faiz səviyyəsində icra edilib. Qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 18,3 faiz artaraq 1751 mln. manat təşkil edib, proqnoz 116 faiz icra olunub. Daxilolmanın artım tempi qeyri-neft sektorunda ÜDM-in nominal artım tempini (8 faiz) 2,3 dəfə üstələyib. Ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 62 faizdən cari ilin 4 ayında 67,1 faizə yüksəlib. Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmalar 22,3 faiz artaraq 1.378.1 mln. manat təşkil edib, bunun sektor üzrə daxilolmada xüsusi çəkisi 76,2 faizdən 78,7 faizə qalxıb.
X.Abdullayevin bildirdiyinə görə, cari ilin 4 ayında ƏDV, aksiz və mənfəət vergisi üzrə daxilolmalarda da artım müşahidə edilib. ƏDV üzrə artım 13,2 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 22,6 faiz təşkil edib. ƏDV-yə cəlb olunan dövriyyələrin artımı həm vergi sistemindəki islahatlar, həm şəffaflaşma prosesi, həm də ümumi iqtisadi artımla bağlıdır. Aksizlər üzrə artım 32,3 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 4,2 dəfə çox təşkil edib. Mənfəət vergisi üzrə 12,2 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 38,8 faiz artım qeydə alınıb. Diqqətə çatdırılıb ki, qeyri-neft sektoru üzrə dövriyyələrin ən yüksək artım templəri kənd təsərrüfatında (51,5 faiz) və ticarətdə (25,1 faiz) olub. İctimai iaşənin dövriyyəsi 19,8, topdansatış ticarət dövriyyəsi 16,7 faiz, o cümlədən ƏDV-yə cəlb olunan dövriyyə 24,8 faiz artıb. Pərakəndə ticarətin dövriyyəsi isə daha yüksək templə - 37,5 faiz, o cümlədən ƏDV-yə cəlb olunan dövriyyə 38,7 faiz yüksəlib.
Vergi uçotu sahəsində həyata keçirilən tədbirlərə toxunan X.Abdullayev qeyd edib ki, cari ilin 4 ayında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 59,3 faizdən 65,2 faizə yüksəlib. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 68,9 faizdən 84,2 faizə, istehsalda isə 65,3 faizdən 74,7 faizə qalxıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyə 42,5 faiz, istehsalda isə 29,9 faiz artıb. Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin həcmində ən yüksək artım templəri kənd təsərrüfatında (2 dəfə), ticarətdə (42,1 faiz), bank və sığortada (26,2 faiz) və sənayedə (18,6 faiz) müşahidə olunub.
Şəffaflaşma baxımından müsbət proseslərdən biri də pərakəndə ticarətdə və ictimai iaşədə əldə edilən elektron qaimə-faktura dəyərinin, müvafiq olaraq, 71,3 və 43,3 faiz artması olub. Nazirin müşaviri xüsusilə vurğulayıb ki, bu göstəricilər əqdlərin sənədləşməsi və rəsmiləşməsi səviyyəsinin yüksəldiyini göstərir.
X.Abdullayev əmək bazarında da əhəmiyyətli şəffaflaşma proseslərinin müşahidə olunduğunu bildirib. Qeyd edib ki, 2019-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə muzdla işləyənlərin sayı 8,1 faiz və ya 114.4 min nəfər, o cümlədən qeyri-neft sektorunun özəl bölməsində 19,6 faiz və ya 97.6 min nəfər artıb. Beləliklə, muzdlu işçilərin ümumi sayının artımının 85,3 faizi qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb. Qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyənlərin cəmi muzdla işləyənlərin sayında xüsusi çəkisi 35,1 faizdən 38,8 faizə yüksəlib.
2019-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə cəmi əməkhaqqı fondu 16,2 faiz, o cümlədən qeyri-neft sektorunun özəl bölməsində 20 faiz artıb. Minimum əməkhaqqının artımı çıxılmaqla qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondu 19,2 faiz artıb. Bundan başqa, muzdu işçi sayının "ağarması" prosesləri şəraitində cari ilin 4 ayında ötən ilin 4 ayı ilə müqayisədə sosial sığorta haqları üzrə daxilolmanın həcmi 16,8 faiz, bu zaman qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 17,7 faiz artıb. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 65,1 faiz, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 90,1 faiz artıb. Bu təşkilatların cəmi daxilolmada xüsusi çəkisi 63,9 faizdən 73,6 faizə yüksəlib. Qeyd olunub ki, bütün bu rəqəmlər gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.