"Ticarət mərkəzlərində dövriyyənin şəffaflaşdırılması həyata keçirilir"
“Bakının Binə və Sədərək ticarət mərkəzlərində işləyən sahibkarların vergidən yayınmasının qarşısını almaq üçün tədbirlər görülür”.
"ENA" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov bildirib.
Onun sözlərinə görə, bu obyektlərdə mallar sənədsiz satılıb ki, bu da dövriyyələrin şəffaflaşmasına ciddi əngəllər yaradıb.
"Prezident İlham Əliyev idxal-ixrac sahəsində şəffaflaşmasının təmin olunması ilə bağlı sərəncam imzalayıb. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə və İqtisadiyyat Nazirlikləri tərəfindən də müvafiq addımlar atılıb. Hazırda karqo şirkətləri sırf daşımaçılıqla məşğuldurlar. Ölkəyə idxal olunan mal və məhsullar faktiki sahibkarın adına rəsmiləşdirilir. Bu da ölkə boyu dəyər zəncirinin qorunmasında olan əngəllərin aradan qaldırılmasına imkan verir. Yəni mallar karqo şirkətləri tərəfindən idxal olunur. Onlar daşımaçılıqdan öz mənfəətini əldə edirlər. Həmin mallar faktiki sahibkarların öz adına rəsmiləşdirildiyinə görə, növbəti mərhələlərdə dövriyyələrin şəffaflaşması həyata keçirilir. 2019-cu ilin ilk 5 ayında həm dövriyyələrin şəffaflaşması, həm də elektron qaimələrlə rəsmiləşməsinin artırılması hesabına daxilolmalarda ciddi artımlar olub", - deyə N. Şirinov qeyd edib.