Azərbaycanda sığorta sistemində "agent bazarlığı" sona çatır: YENİLİK GƏLİR
İcbari sığorta haqqlarının ödəniş terminallarına keçirilməsi ilə bağlı İcbari Sığorta Bürosu və Maliyyə Bazarlarına Nəzarət Palatası birlikdə müzakirələr aparırlar.
Agentsiz “icbari sığorta”!
ENA.az xəbər verir ki, ilkin məlumatlara görə, ödəniş terminallarında icbari sığorta düyməsinə vurub avtomobilin nömrəsi və şəxsiyyət vəsiqəsinin seriyasını yazdıqda məlumatlar çıxacaq. Avtomobil sahibi ödəniş edib, çek alacaq. Bununla da sığorta qüvvəyə minəcək.
Bu isə o deməkdir ki, sığorta şirkətlərinin xərcləri kəskin azalacaq və bu xidmət üçün ödəniş terminallarına 4-5 faiz komissiya haqqı verməyi düşünürlər.
Eləcə də bax: Hansı bankların “ölü aktivləri” daha çoxdur: TƏHLİL+İNFOQRAFİKA
Bunun baş verməsi ilk növbədə sığorta sektorunun inkişafı və icbari sığorta sistemində agent fəaliyyəti ilə bağlı problemlərin kökündən həlli deməkdir. Ancaq bu həm də agent bazarının ölməsi ilə nəticələnəcək və yüzlərlə insanın işsiz qalması deməkdir. Görünür, elə buna görədir ki, proses çox ləng gedir və müvafiq instansiyalarla razılaşdırılmış son qərar yoxdur.
Nə qədər agentimiz var?
Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi səhifəsinə əsasən, ENA.Az xəbər verir ki, sığorta məhsullarının satışı ilə məşğul fiziki və hüquqi şəxslərin sayı 1000-ə yaxındır. 21/05/2019 tarixinə olan məlumata görə, fiziki şəxs sığorta agentlərinin sayı 707, hüquqi şəxs agentlərin sayı 65-dir. 23/05/2019 tarixdə yenilənən reyestr məlumatı göstərir ki, Azərbaycanda 12 hüquqi şəxs sığorta brokeri, 22/09/2016-cı il tarixli reyestr üzrə 13 fiziki şəxs broker fəaliyyət göstərir.
Agentlərin və bəzi sığorta şirkətlərinin “bazarı öləcək”
Buna baxmayaraq, işlər davam edir və bu keçid nəticəsində qazanclarını ancaq icbari sığortadan götürən agentlər və sığorta şirkətlərinin bazarı öləcək. Onsuzda sığorta portfelinin 60 faizdən çoxu icbari avtomobil sığortasından formalaşan şirkətlər artıq zərərə doğru gedirlər və belə sığorta şirkətlərində zərərlilik hətta 110-120 faizə çatıb. Bu şirkətlər hansılardır, deyə soruşsanız: Atəşgah, Atasığorta, Günay sığorta, Azərsığortanın adını çəkmək olar.
Yeganə çıxış yolu: Könüllü olun!
Peşəkar sığortaçı Xəyal Məmmədxanlının sözlərinə görə, agentlərin 95 faizi bütün qazanclarını icbari sığortanın üzərində qurublar və bəzi şirkətlərin sığorta yığımları da məhz bu məhsuldan formalaşır. İcbari sığortadakı bu keçid isə agentlərin bu bazardan çıxıb getməsi ilə nəticələnəcək.
“Agentlərin komissiya haqqları əvvəllər 30-35 faiz təşkil edirdi və yaxşı pul qazanırdılar. Lakin son illər sığorta şirkətinin faktiki zərərliyinin artması və o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasının qanunsuz agent faizi ödəmələrinə qarşı mübarizəsi və verilən faizlərin bütün agentlərin VÖEN və bank hesabına köçürülməsi tələbi agentlərin qazancını azaldıb. Nəticədə rəsmi şəkildə müəyyən edilən 15% agent komissiyasından bank rüsumu və vergi ödənildikdən sonra yekunda 11-12 faiz qazanc qalır. Bu faizlə agent gərək ay ərzində 5-10 min müqavilə gətirsin ki, normal qazanc götürsünlər. Bütün dünya ölkələrində sığorta agentləri bir sığorta növünün üstündə oturmayıblar. Onlar bir sığorta şirkəti ilə işləyərək, nə qədər məhsulu varsa, hamısını təqdim edirlər. Birindən zərər edəndə də, digərlərindən qazanırlar. Söhbət ödəniş terminalına keçiddən gedirsə, fərqi yoxdur, lap sayt olsun, müştəri “Sığorta Butik”dən onlayn formada sığortasını alır və heç bir vasitəçityə ehtiyac yoxdur. Agentlərin yeganə çıxış yolu və gəlir mənbəyi kasko və digər könüllü sığorta növləridir. Könüllü sığorta növləri üzrə komissiyalara məhdudiyyət də yoxdur və hətta agent 30-35 faiz komissiya götürə bilər”.
Şirkətlər sanki bilə-bilə intihara gedirlər
X.Məmmədxanlı Azərbaycanda sığorta mədəniyyətinin arzuolunan səviyyədə olmadığını vurğulayaraq, hesab edir ki, zərərli bir biznes növündə inkişaf etməyin heç bir mənası yoxdur.
“Şirkətlər sanki bilə-bilə intihara gedirlər. Əlində müəyyən qədər portfel olan agentlərlə danışıqlara gedirlər və həmin agent də 30 faiz komissiya istəyir. Hazırda Azərbaycanda icbari sığorta üzrə bazarda ümumi zərərliliyi 90 faizə çatıb. 30 faiz agent komissiyasını da əlavə etsək, zərərlilik 120 faizə çatır”.
ENA.az olaraq qeyd edək ki, hesablamalara görə, şirkət bir sığorta hadisəsini tənzimləmək üçün 100 manatın üstündə xərc çəkir. Şirkət var ki 10 yeni bahalı avtomobil alıb ki, sığorta müştərilərinə xidmət göstərsin. Ona görə də peşəkar sığortaçı bu işlərin sığorta brokerlərinə həvalə edilməsini məsləhət görür. “Sığorta brokerləri həm satışı etsinlər, onların həm dəstək mərkəzləri, ofisləri, bank hesabları, məsuliyyət sığortaları var. Agent pulu yığdı getdi, hardan tapacaqsız? Brokerlər sığorta şirkətləri ilə bərabər səviyyədə hesabat verirlər, nəzarət orqanına tabedirlər. Sığorta şirkətləri hesab edirlər ki, özümün ehtiyat hissələri mağazam, servisim olmalıdır, hər şey mənim olmalıdır, elə problem də bundadır”.
P.S. Yada salaq ki, hələ bir neçə il əvvəl “Meqa Sığorta” şirkəti ödəniş terminalları vasitəsilə icbari sığorta satışına başlamışdı. Bu prosesdə ən mühüm məqam odur ki, agentlərin “avtomobil uğrunda mübarizəsi” yekunlaşacaq və şirkətlərin agentlərlə bağlı qanundan kənar fəaliyyəti dayanacaq. Çünki hazırda müştəri bazası çox olan agent uğrunda hələ də gərgin mübarizə gedir və əgər xatırlayırsınızsa, iki il əvvəl “Azsığorta”nın agent faizlərini aşağı salması nəticəsində ciddi agent axını baş verdi. Nəticədə şirkətə sığorta haqqları üzrə daxilolmalar kəskin azaldı və bu sığortaçının fəaliyyətinə mənfi təsir göstərdi. Yeniliklər isə bu bazarı tam fərqli şəkildə tənzimləməyə imkan yaradacaq