BİZNES

KOBİA kommunal xidmətlərə qoşulma prosedurlarına dair onlayn tədbir keçirəcək

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə iyunun 12-də sahibkarlar üçün növbəti onlayn maarifləndirici tədbir keçiriləcək.

KOBİA-dan "ENA"ya verilən məlumata görə, budəfəki maarifləndirici tədbir sahibkarların kommunal xidmətlərə qoşulması və bu sahədə həyata keçirilən xidmətlərə həsr olunacaqdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə təşkil olunacaq onlayn tədbirdə “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu” ASC, “Azərenerji” ASC və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələri müvafiq sahələrdə kommunal xidmətlərə qoşulma, bu sahədə göstərilən xidmətlər, qanunvericiliyə edilmiş dəyişikliklər barədə sahibkarların suallarını cavablandıracaqlar.

Tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompüter, planşet və mobil telefondan istifadə olunmaqla qoşulmaq mümkündür.

Qeyd edək ki, KOBİA-nın ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcək. Onlayn maarifləndirici tədbirlə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://smb.gov.az/news/sahibkarlarin-kommunal-xidmtlr-qosulmasina-dair-onlayn-tdbir-kecirilck

Xatırladaq ki, KOBİA-ya sahibkarlardan daxil olan müraciətləri və onların məlumatlandırmaya olan ehtiyaclarını nəzərə alaraq mütəmadi olaraq onlayn maarifləndirmə tədbirləri təşkil edir. İndiyədək təşkil olunmuş onlayn maarifləndirici tədbirlərdən 1500-dən çox sahibkar yararlanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)