Dövlətin xeyrinə müsadirə olunan tütün məmulatlarının dəyəri açıqlanıb
Həyata keçirilməsinə başlanmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edir. Bunlardan ən önəmlisi, sahibkarlıq fəaliyyətinin şəffaflığı məsələsidir.
"Bİ" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən vergidən yayınma hallarının qarşısının alınması istiqamətində görülən tədbirlərə dair sorğuya cavab olaraq bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vergidən yayınmaya son qoyulmalı olduğunu vurğulayıb. Dövlət başçısı bunun həm iri, həm də kiçik sahibkarlara aid olduğunu qeyd edib: “Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.
Azərbaycanda yaradılmış əlverişli iqtisadi mühit, böyük daxili istehlak bazarının mövcudluğu, ixracın təşviqi üçün görülən tədbirlər insanları sahibkarlıq fəaliyyətinə stimullaşdırır. Lakin bu sahədə hələ də uçotsuz fəaliyyət, qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdlərinin geniş yayılması halları var.
Son dövrlərdə aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib, ən iri 30 istehsalçıda cari ilin avqustun 1-dən aksiz postları qurulub. Bir məhsul növünün adı altında faktiki olaraq digərinin istehsalının, saxta aksiz markalarından istifadənin və aksiz markası olmadan məhsul satışının qarşısı alınıb. Nəticədə, araq istehsalı və daxili bazarda satış həcmi cari ilin ötən ayları ilə müqayisədə avqust və sentyabr ayları üzrə orta hesabla 3 dəfə artıb.
Aksizsiz tütün məhsullarının daxili bazarda satışının qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üzrə keçirilən tədbirlər nəticəsində daxili bazarda qaçaq malın payı cari ilin əvvəlindəki 19 faizdən 3 faizə enib.
İlin əvvəlindən dövlətin xeyrinə müsadirə olunan və təhvil verilən tütün məmulatlarının dəyəri 13 milyon manatdan çoxdur. Qanunsuz olaraq daxili bazara yol tapmış tütün məhsullarının müsadirə edilərək satışdan çıxarılması nəticəsində yerli məhsulların istehsalında canlanma yaranıb. Belə ki, yerli istehsalçıların daxili bazarda satış həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövründə 75 faiz artıb.
2018-ci ilin 9 ayı ərzində vergi ödəməkdən yayınma faktları üzrə istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyandan 17,6 milyon manat məbləğin ödənilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çoxdur.