ENA+

DYP-dən cərimə barədə telefonlara gələn sms-lə bağlı - XƏBƏRDARLIQ

 Dövlət Yol Polisi yol hərəkəti qaydalarını pozan və barəsində elektron qərar tərtib edilən sürücülərə xəbərdarlıq edib.

Baş Dövlət Yol Polisi İdarəsindən "Bİ"yə bildirilib ki, nəqliyyat sahibləri cərimə barədə telefonlara gələn SMS-lərə ciddi yanaşmalıdırlar.

Belə ki, İnzibati Xətalar Məcəlləsinə (İXM) edilən və iyul ayında qüvvəyə minən qaydalara görə, sürücülər bundan sonra həm də SMS vasitəsilə törətdikləri inzibati xətalarla bağlı məlumatlandırırlar. İdarədən bildirilib ki, burada söhbət yalnız elektron qaydada, yəni xüsusi texniki vasitələr (radar və ya kamera) tərəfindən qeydə alınan qayda pozuntularından gedir: "Məcəllənin 125-ci maddəsində - inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma qaydalarında qeyd olunur ki, sürücülər elektron qərarlarla həm də SMS vasitəsilə məlumatlandırılırlar. Belə ki, DYP-nin mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin "ASAN ödəniş" sisteminə yerləşdirilir. İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə 3 qaydada məlumatlandırılır:

Birincisi, müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir.

İkincisi, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir.

Üçüncüsü, inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir".

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, yeni qaydalara görə, "ASAN ödəniş" sistemi məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə məlumatı DYP-nin mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə məlumat, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir.

İdarə avtomobil sahiblərinin, hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, cərimələr barədə SMS almaq üçün ilk növbədə bəzi qaydalara əməl etmək lazımdır. Belə ki, “Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində yeniləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department