Palata: "Problemli kreditlərin restrukturizasiya prosesi sürətlənəcək"
Problemli kreditlərin restrukturizasiya prosesi kompensasiya prosesləri bitdikdən sonra daha da sürətlənəcək.
“ENA” xəbər verir ki, bunu Maliyyə Pazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədri vəzifəsini icra edən İbrahim Alışov açıqlamasında bildirib.
“Restrukturizasiya prosesi sırf bank-müştəri münasibətlərinə şamil olunur. Ona görə də banklarla müştərilər arasında olan müzakirələrdən sonra restrukturizasiya prosesləri icra olunur. Bu proses kompensasiya prosesləri bitdikdən sonra daha da sürətlənəcək”, - deyə İ.Alışov bildirib.
Xatırladaq ki, dövlət başçısının bu il fevralın 28-də imzaladığı “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarına qədər olan əsas kredit borclarının devalvasiya hesabına artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Paralel olaraq problemli kreditlərin restrukturizasiyası həyata keçirilir. Restrukturizasiya prosesindən faydalanacaq təxminən 300 min vətəndaş banklara dəvət olunaraq, illik cəmi 1%-lə, 5 il müddətinə milli valyutada yeni kredit müqavilələri bağlayır.