Cəlilabaddan ərəb ölkələrinə çiyələk ixrac olunur
Bir neçə gündür Cəlilabad rayonunda açıq havada yetişdirilmiş çiyələk yığımına başlanılıb.
Bu il əkin dövründə havaların əlverişli keçməsi məhsuldarlığa da müsbət təsirini göstərib.
Məhsul istehsalçıları yetişdirdikləri məhsulu yerli bazarlarda satmaqla yanaşı, Rusiyaya və ərəb ölkələrinə ixrac edirlər.
Beş ildir ki, rayonda İspaniyadan gətirilmiş yeni növ çiyələk əkilir. Nəticədə, çiyələyin məhsuldarlığı iki dəfədən çox artıb.
Rayonda yeni inşa edilmiş soyuducu anbar 130 tondan çox çiyələk məhsulunun ixrac imkanlarını artırıb. Fermerlər müqavilə əsasında Dubaya, Küveytə 10 tonlarla çiyələk məhsulu ixrac ediblər.
Qeyd edək ki, bu il Cəlilabad rayonunda 500 hektarda çiyələk əkilib. Hər hektardan 200 sentner məhsulun götürülməsi planlaşdırılır.