ETSN Milli Parkların direktoru vəzifəsinə işə qəbul elan edib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Parklara direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edib.
Nazirliyin Mətbuat xidmətindən "ENA"ya verilən məlumata görə, müsabiqədə yaşı 25-dən yuxarı, ali təhsilli və rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan şəxslər iştirak edə bilər.
Namizədlərin seçilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və Zoologiya İnstitutunun mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçiriləcək.
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər sahəvi biliklər, idarəetmə bacarığı, ümumi dünya görüşü, kollektivlə iş bacarığı, sahə üzrə beynəlxalq bilik və iş təcrübəsi, natiqlik, kompyuter bilikləri meyarları üzrə qiymətləndiriləcək. Təbiət elmləri üzrə elmi dərəcəsi olanlara üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini (kadrların şəxsi uçot vərəqəsi və tərcümeyi hal) 2019-cu ilin 31 may tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinə təqdim etməlidir.
Müraciət etmək istəyənlər Nazirliyin internet səhifəsinin (eco.gov.az) elanlar bölməsindən və ya (012) 538-84-89 nömrəli telefonla əlaqə saxlamaqla daha ətraflı məlumat ala bilərlər.