Bakı-Şamaxı magistralında işlər nə vaxt başa çatacaq?- AÇIQLAMA
Bakı-Şamaxı magistralının genişləndirilməsi işləri gələn il ərzində başa çatacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "ENA"ya verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir.
Layihə Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə həyata keçirilir.
Layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 km-lik hissəsi 4 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3.75 m, ayrıcı zolağın eni 5 m, çiyinlərin eni isə 3.75 m təşkil edəcək.
Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 15 metrə qədər genişləndirilib.
Magistralın bu hissəsində iki yeni avtomobil körpüsünün tikintisi işləri də aparılıb. Körpülər yolun 107-ci km-də Acıdərə çayı və 114.5-ci km-də Pirsaatçay üzərində salınıb. Acıdərə çayı üzərində tikilən körpü 3 aşırımlı olmaqla 62.2 metr, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107.2 metr uzunluğundadır.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-107-ci və 108-109-cu km-lik hissəsində bir neçə sürüşmə nöqtəsi mövcud olduğu üçün sözügedən ərazilərdə sürüşmənin qarşısını almaq məqsədi ilə, bu ərazidə yamacların kəsilməsi, yamacın dib hissələrinin xüsusi qrunt ilə doldurulması, dəmir-beton svayların vurulur, monolit dəmir-beton istinad divarlarının tikintisi və səth sularının yol yatağına daxil olmasının qarşısını almaq məqsədi ilə drenaj kanalların inşa edilməsi işləri yerinə yetirilib.
Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.