Mikrosığorta
Sözün izahı
Ümumqəbuledilmiş sığorta təcrübəsinə uyğun olaraq əhalinin az gəlirli təbəqəsi üçün sığortalana bilən risklər üzrə təklif olunan, cüzi sığorta haqqı müqabilində adi sığortaya nisbətən daha az məbləğdə sığorta təminatını nəzərdə tutan və lisenziyalaşdırılmış şəxslər tərəfindən həyata keçirilən sığorta mexanizmi.
Əlavə izahat:
Azərbaycanın sığorta bazarında hələ ki, tətbiq edilməyən mikrosığorta beynəlxalq təcrübədə ilk olaraq, əsasən yoxsul əhalinin daha çox olduğu ölkələrdə – Hindistanda, Braziliyada, Filippində, bəzi Afrika ölkələrində geniş yayılmışdır. Mikrosığorta xidmətlərinin təqdim olunması zamanı sığortaçılar daha az sığorta haqları aldıqlarına görə daha az əldəetmə xərcləri sərf etmək üçün adi sığorta əməliyyatlarına xas olmayan üsullardan istifadə edirlər. Məsələn, şəxs mobil telefonla SMS göndərməklə 1 000 dollar məbləğində həyat sığortası təminatı əldə edir. Yaxud kəndli gübrə aldığı zaman 20 dollarlıq gübrənin qiymətinin üzərində əlavə 1-2 dollar ödəməklə, becərmək istədiyi məhsulu 500-600 dollar məbləğində sığorta etdirmiş olur. Sığortaçılar eyni qayda ilə poçt şöbələri, bilet satıcıları vasitəsilə mikrosığorta xidmətlərini təqdim edirlər. Mikrosığorta müqavilələri üzrə hadisələr baş verdikdə də sığorta şirkətləri ciddi araşdırmalar aparmır, çünki araşdırmaya sərf olunacaq əmək və vaxtın dəyəri onsuz da çox olmayan sığorta ödənişi həcminə yaxın olur.
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad
Azərbaycan Respublikasının qanunvericiliyində ”mikrosığorta” anlayışı və mikrosığorta mexanizminə dair müddəa nəzərdə tutulmamışdır.
Beynəlxalq təcrübədən nümunə
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının “Mikrosığortanın tənzimlənməsi və ona nəzarət üzrə Tədqiqat İşi (2007), bənd 3.1.1. 10):
Mikrosığorta (eng.-microinsurance)– əhalinin az gəlirli təbəqəsi üçün müxtəlif hüquqi şəxslər tərəfindən, lakin ümumqəbuledilmiş sığorta təcrübəsinə uyğun olaraq təklif olunan sığortadır.