Sosial iqtisadiyyat

Dövlət Yol Polisi ləğv edilir? - RƏSMİ AÇIQLAMA

"Dövlət Yol Polisinin ləğv olunacağı ilə bağlı məndə məlumat yoxdur. Əgər Daxili İşlər naziri Vilayət Eyvazov bu addımı atarsa, bizə əmrə əməl etmək düşər. Biz verilən göstərişi qətiyyətlə yerinə yetirməklə vəzifələndirilmişik".

ENA.az xəbər verir ki, bu sözləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov yol polisi sisteminin ləğv olunacağı barədə mediada yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Vaqif Əsədovun sözlərinə görə, Dövlət Yol Polis İdarəsiylə bağlı hər hansı qərar verilsə, əməkdaşlar qərarı normal qarşılamalıdır.

Polkovnik həmçinin belə bir qərarın veriləcəyinə inanmadığını da deyib: "Təəssüf ki, sürücülər arasında yol hərəkəti qaydalarına əməl etmək mədəniyyəti yüksək səviyyədə deyil. Bu gün yollardakı qayda-qanunla bağlı tətbiq edilən texnologiyalar, qanunvericiliyə olunan əlavə və dəyişikliklər polisin iştirakı olmadan hər bir hərəkət iştirakçısının fərdi olaraq öz təhlükəsizliyini təmin etməsinə imkan verir.

Amma görünən odur ki, biz cəmiyyət olaraq buna hələ hazır deyilik. Polisin köməyi olmadan heç bir hərəkət iştirakçısı hərəkətini tənzimləyə bilmir. Bizim mental xüsusiyyətlərimiz buna imkan vermir. Ona görə də nazirin bu addımı atacağına inanmıram".

Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazovun polis sistemində köklü dəyişikliklər aparacağı, o cümlədən, Dövlət Yol Polisi sistemini ləğv edəcəyi barədə məlumat yayılıb.

 

(c) Teleqraf.com

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)