Samsung insan beyninin imkanlarına sahib olacaq prosessor yaradır
Samsung Electronics şirkəti süni zəka texnologiyalarının inkişafı ilə bağlı olan neyron prosessorları sahəsinə intensiv investisiyalar yatırmaq planını açıqlayıb. Şirkət inkişaf baxımdan ən perspektivli istiqamətlərdən birini də insan beyni kimi çalışa biləcək neyromorf prosessorların yaradılmasını qeyd edib. Bu barədə 4pda saytı xəbər verib.
Neyron prosessorlar insan beyni kimi məlumatların emal olunması üzrə yarıkeçiricilər texnologiyasına aid edilir və onlar irimiqyaslı paralel əməliyyatları yerinə yetirə bilirlər. Exynos 9820 prosessoruna inteqrasiya edilmiş öz ilk NPU-nu şirkət hələ keçən il təqdim etmişdi. İndi isə şirkət süni zəka sahəsində öz texnologiyalarının tətbiq edilməsinin genişləndirilməsi planını açıqlayıb. Beləliklə şirkət 2030-cu ilə kimi süni zəka texnologiyaları ilə bağlı 2000 yeni iş yerinin yaradılacağını açıqlayıb.
“Süni zəka dövrünün yaxınlaşması ilə Samsung şirkəti özünün neyron modullar innovasiyaları ilə süni zəka sahəsində ən yaxı nəticələri əldə etməyi hədəfləyib. Biz differensiallaşdırılmış texnologiyalardan istifadə etdiyimiz üçün qlobal institutlar ilə əməkdaşlıq edir və ən yaxşı kadrlara investisiyalar yatırırıq. Beləliklə biz süni zəka ilə birlikdə məlumatların emal olunmasını yeni səviyyəyə yüksəltmək imkanının olacağını səbrsizliklə gözləyirik” - deyə Samsung şirkətinin təmsilçisi bildirib.
Neyron prosessorlarının növbəti inkişaf mərhələsini şirkət informasiya və əyləncə, avtomobillərin idarəolunması sistemləri və böyük həcmli məlumatların emal olunması üçün nəzərdə tutulmuş yeni nəsil data mərkəzlər sahəsi ilə əlaqələndirir. Beləliklə insan beyni imkanlarına sahib neyromorf CPU-ların hazırlanması üçün Samsung Electronics-in daxilində fəaliyyət göstərən System LSI Business ilə Samsung Advanced Institute of Technology öz güclərini birləşdirəcəklər.