"Kapital Bank" səhmdarlarına əlavə dividend ödəyəcək

Bu gün “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
ENA.az xəbər verir ki, yığıncaq Bankın baş ofisinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanındakı inzibati binasında olub.
!@#
Yığıncaqda səhmdarlara əlavə dividend ödənilməsinə qərar verilib. Dividendin məbləği hər səhm üçün 3,24 manat təşkil edəcək. Ödəniş 5 ay ərzində (iyun, iyul, avqust, sentyabr və oktyabr aylarında) həyata keçiriləcək.
Xatırladaq ki, "Kapital Bank"ın səhmdarlarının aprelin 1-nə keçirilmiş yığıncağında Bankın 2019-cu ildəki xalis mənfəətinin təxminən 60%-i qədər (dövriyyədə olan 12,39 manat nominal dəyərə malik 18 228 410 ədəd adi və imtiyazlı səhmin hər birinə 4,6 manat) dividend ödənilməsinə qərar verilmişdi. Mənfəətin qalan hissəsi isə koranavirus (COVID-19) pandemiyasının mümkün mənfi təsirləri üçün ehtiyat kimi saxlanılmışdı. Beləliklə, 1 səhm üçün dividendin məbləği 7,84 manata çatdırılıb.
“Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 225,85 milyon manatdır. Bankın səhmlərinin 86,6%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 8,9%-i "PAŞA Sığorta" ASC-yə, 4,4%-i "PAŞA Həyat Sığorta" ASC-yə, 0,1%-i isə fiziki şəxslərə məxsusdur.











