İnşaat və əmlak

"Nissan Maxima" 5 min manata satıldı - HƏRRACDA

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 14-ü növbəti hərrac keçirilib.

"ENA.az" komitəyə istinadən xəbər verir ki, rəqabətli hərracda kiçik dövlət müəssisə və obyektləri, yarımçıq tikili və nəqliyyat vasitələri özəlləşdirilib.

Ən yüksək ümumi faydalı sahəsi olan kiçik dövlət müəssisəsi Tovuz rayonu, Əyyublu kəndində yerləşir. Dövlət əmlakının birlikdə özəlləşdirildiyi torpaq sahəsi 2054 kv.m, tikilinin ümumi faydalı sahəsi isə 763.5 kv.m-dir. İştirakçı kiçik dövlət müəssisəsini 33 min manata özəlləşdirdi. Oğuz rayonu, Calut kəndindəki dövlət müəssisəsinin də geniş torpaq ərazisi mövcuddur. Belə ki, ümumi faydalı sahəsi 66 kv.m olan tikili 2645 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilib. İsmayıllı rayonu, Əhən kəndində tikintisi yarımçıq qalmış inzibati binanın torpaq sahəsi 3259 kv.m-dir. İştirakçı həmin dövlət əmlakını 6 min 500 manata özəlləşdirdi.

Nəqliyyat vasitələrinin özəlləşdirilməsi üzrə budəfəki hərrac rəqabətli keçdi. Belə ki, buraxılış tarixi 2004 olan “Mercedes Benz” markalı avtomobil üçün ilkin qiymət 6 min manat təyin olunmuşdur. Nəqliyyat vasitəsinin hərracında 4 sifarişçinin fəal iştirakı son qiyməti 10 min 200 manata yüksəltdi. Digər nəqliyyat vasitələrindən birinin istehsal ili 2005, markası isə “Nissan Maxima”-dır. Başlanğıc qiyməti 3 min manat olan avtomobili qalib iştirakçı 5 min manat təklif edərək özəlləşdirdi.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 21 may tarixində keçiriləcək. İnvestorlar növbəti hərracda 19 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketləri üzrə seçim edə bilər. Səhmdar cəmiyyətlərindən 8-i inşaat, 6-sı aqrar, 5-i isə sənaye, nəqliyyat və xidmət sektorlarına aiddir.

Əmlak Məsələləri Dövlət Komitəsi sifarişçilərlə bərabər, prosesə marağı olan şəxslərin hərraclarda canlı və onlayn formada iştirakını təmin edir. Belə ki, açıq hərraclara olduğu yerdən qoşulmaq istəyən hər kəs təyin olunan vaxtda müvafiq linkə daxil ola bilər (e-emdk.gov.az/eHerrac/Home/Presentation). Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda əlçatan xidmətlər və müasir şərait vətəndaş məmnunluğunun artırılmasına yönəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)