Ən ucuz və ən baha iftar süfrəsi - Restoranlardakı qiymətlər
Ramazan ayının başlaması ilə əlaqədar restoranlar xüsusi iftar menyusu hazırlayır. Bu menyulardakı çeşidlər qiymətləri kimi fərqli olur.
Bakıdakı restoranlarda Ramazan ayı ilə əlaqədar hazırlanmış xüsusi menyuları təqdim edirik:
“Nərddivan Lounge”
Bu restoranda həftənin hər günü üçün müxtəlif iftar menyusu verilir. Misal üçün, bazar ertəsinin menyusuna mərci şorbası, yarpaq dolması, çoban salatı, meyvələr, meyvə şirəsi və xurma, çərşənbə axşamı menyusuna isə toyuq şorbası, qovurma, çoban salatı, meyvələr, meyvə şirəsi və xurma daxildir.
Günlük menyunun qiyməti bir nəfər üçün 10 AZN-dir.
“HealthFit cafe”
Kafe Ramazan ayında ən ucuz iftar menyusu ilə fərqlənir. İftar menyusuna su, xurma, şorba, çoban salatı, şərqsayağı toyuq (düyü ilə) və şimalsayağı toyuq (qarabaşaq ilə) daxildir. Menyunun qiyməti isə 3.90 AZN-dir.
“Mist Terrace & Restaurant”
Bu restoranda iftar menyusu bir nəfər üçün 20 manat, altı yaşa qədər uşaqlar üçün pulsuz, 6-12 yaş arası uşaqlar üçün isə 50 faiz endirimlə təklif edilir. Menyuya isti yeməklər, qarnirlər, qəlyanaltılar, şirniyyatlar, salatlar, sərinləşdirici içkilər daxildir.
“Lady land cafe”
Bu restoranda da iftar menyusu verilir. Menyu iki növdə hazırlanıb. Restoran digərlərindən fərqli olaraq, xüsusi endirimlərlə diqqət çəkir. Belə ki, bir nəfərlik iftar menyusu 13 manat, beş nəfərlik 60 manat, 10 nəfərlik isə 118 manatdır.
“MADO Azərbaycan”
Restoranda həm sahur, həm də iftar menyusu var. Sahur menyusu 15 manat, iftar menyusu isə 24 manatdır. 3-12 yaşa qədər uşaqlara isə iftar menyusu doqquz manat təşkil edir. İftar menyusuna növbənöv isti yeməklər, qəlyanaltılar, salatlar , desertlər və içkilər daxildir.
“Dafne restaurant”
Restoranda həm sahur, həm də iftar menyuları təqdim edilir. İftar menyusu 22 AZN, sahur menyusu 13 AZN-dır.
“Tarihi Sultanahmet Köftecisi Selim Usta”
Restoranda müxtəlif növ iftar menyuları təqdim edilir. Menyuların qiyməti isə növündən asılı olaraq, 11.50 – 13.50 AZN-dir.
“Özsüt Baku”
Restoranın xüsusi iftar menyusu mövcuddur. Menyuya şorbalar, salatlar, şirniyyatlar və sərinləşdirici içkilər daxildir. Menyunun qiyməti isə 24 AZN-dir.
“Barista&chef”
Restoranda 15 manata xüsusi iftar menyusunu sifariş edə bilərsiniz. Menyuya şorba, burger, sendviç, pizza və salatlar daxildir.
“Kebab Express”
Restoranda iftar menyusu fərqli formatda təqdim edilir. Əgər siz menyunu kababla sifariş etmisinizsə, bu sizə 15-18 manata başa gələcək, sulu yeməklə isə 12 manat ödəməli olacaqsınız.