Aqrar

Qeyri-sabit hava çəltikçiliyə mənfi təsir etsə də...

Qeyri-sabit hava şəraiti fermerləri qismən çətinliklə üz-üzə qoysa da, ümumilikdə, təsərrüfatlarda çəltik əkininə hazırlıq mərhələsi davam etdirilir.

Lənkəranda çəltik əkini əsasən istifadəsiz qalan bələdiyyə və dövlət tərəfindən sakinlərə verilən pay torpaqlarında aparılır.

Lənkəranlı fermer Fariz Babayev əkdiyi sortların məhsuldar olduğunu deyir: “Ötən il 100 hektarda “Haşimi” və “Apollo” düyüləri əkdik. Bu il isə 150-160 hektarda əkin aparırıq. İlk dəfə toxumları İrandan gətirsək də, sonra özümüz tədarük etməyə başladıq. Sahələrə əkmək üçün 5 ton toxum hazırlamışıq. Bu toxumlar məhsuldar sortlardır”.

Tanınmış aqronom Fərman Abdullayev isə bildirir ki, əlverişsiz havalar əkinin bir həftə gecikməsinə səbəb olub:

“Yazın ilk günləri havalar xoş olsa da, intensiv yağıntılar, gecə saatlarında temperaturun aşağı düşməsi çəltikçiliyə də təsirsiz ötüşmədi. İstixana şəraitində olan bitki üçün bu hal bir çox xəstəliklərin yaranmasına şərait yaradır. Əksər təsərrüfatlarda bu problemin qarşısını ala bilmişik”.

Çəltiyin çox su tələb edən bitki olduğunu nəzərə alan fermerlər Xanbulançay Su Dəryaçasından əraziyə çəkilən kollektorlar vasitəsilə kifayət qədər su ehtiyatı toplayıblar.

Bu il Lənkəranda 900 hektar sahədə çəltik əkini, 5 min tona yaxın məhsul istehsalı proqnozlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)