"BTB Kapital İnvestisiya Şirkəti" nizamnamə kapitalını artıracaq
“BTB Kapital İnvestisiya Şirkəti” ASC 2018-ci ili zərərlə başa vurmasına münasibət bildirib.
Bu barədə şirkətin direktoru Ruslan Cəfərov açıqlama verib.
“BTB Kapital” ötən ilin əvvəlində yaradılsa da, Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziyanı ilin sonuna yaxın alıb. Yəni, şirkət əməliyyatlar aparmağa və gəlir əldə etməyə ilin sonunda başlayıb, amma lisenziya alana qədər müəyyən xərclər olub, işçilərə əmək haqqı ödənilib, odur ki, ili zərərlə başa vurmağımız təbiidir”, - deyə o, qeyd edib.
R.Cəfərovun sözlərinə görə, rəhbərlik etdiyi investisiya şirkətinin hədəfləri böyükdür: “Bu hədəflərə çatmaq üçün “BTB Kapital”ın nizamnamə kapitalının 250 min manat və yaxud 71,4% artırılaraq 350 min manatdan 600 min manata çatdırılması nəzərdə tutulub. Kapital artımı ilə bağlı işlər bu ay yekunlaşdırılacaq. Əlavə vəsaiti yeganə səhmdarımız olan “Bank BTB” ASC təmin edəcək".