Telman İsmayılov bankdan 70 milyon dollar məbləğində kredit götürüb - BEYNƏLXALQ BANK İŞİ
"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
"BI"nin xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Beynəlxalq Bankın Moskva filialının rəhbəri olmuş Fuad Abdullayev ifadə verib. O deyib ki, filialda bir çox layihələrin maliyyələşdirilməsi icra olunub. Şahid qeyd edib ki, layihələr də daxil olmaqla, ayrı-ayrı şəxslərə kredit verilməsi Cahangir Hacıyevin tapşırığı əsasında olub: "Cahangir müəllimi Emin Sadiq adlı şəxslə tanış elədim. Sonra Qazaxıstanda neft yatağının alınması ilə bağlı razılıq əldə edildi. Həmin yataq bir neçə şəxsin adına rəsimləşdi. Yatağın 60 faizi bankın Hətəm Həsənovun adlı əməkdaşının adına rəsimləşdi. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, Emin Sadiq, Fuad Hüseynli, yerli vətəndaş olan bir nəfər və Cahangir Hacıyevin adına rəsmiləşmə oldu. Bankı Luksenburq şirkəti, yəni Xəqani Bəşirov təmsil edirdi. Yatağın alınmasına isə 16 milyon dollar pul verilib. Hazırda Qazaxıstan bu işlə bağlı məhkəmə prosesi gedir".
F.Abdullayev onu da deyib ki, layihəyə ayrılan pullardan C.Hacıyevin xəbəri olub, onun göstərişi ilə həyata keçirilib.
O qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı, Telman İsmayılovun bankdan 70 milyon ABŞ dolları məbləğində kredit götürüb: "O, Odessa şəhərində ticarət şirkərlərinin inşaası üçün Beynəlxalq Bankın Moskva filialına müraciət etdi. Ona layihə üçün kredit verildi. Lakin Telman İsmayılovun işlərində problemlər yarandı, krdeditləri ödəyə bilmədi, 2013-cü ildə ödənişləri dayandırdı. Sonra Telman İsmayılov 4 şirkətini Cahangir Hacıyevin tanışı olan, Xəqani Bəşirovun nəzarətində olan şirkətlərə keçdirdi".
F.Avdullayev bildirib ki, ilk turist kosmonavt müsəlman qadın olan Ənuşə Ənsari də bankdan kredit götürüb: "Ənuşə Ənsari ABŞ-da "Ağıllı ev" layihəsi üçün bankdan 12 milyon dollar kredir götürdü. Sonra kreditin faizi ödənildi, əsas borc isə qalıb".
Məhkəmə prosesi mayın 6-da davam etdiriləcək.
Qeyd edək ki, 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına, C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurduğu üzə çıxıb. İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.