Rəsmi

"Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi artır, məmnunuq"

"Rusiya - Azərbaycan münasibətlərinin inkişafından məmnunuq". 

"Businessinsider.az" xəbər verir ki, bunu Aprelin 26-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı bildirib. 

"Ticari-iqtisadi əlaqələrimiz inkişaf edir. Biz hətta əslində Sizin (İlham Əliyevin - red) təşəbbüsünüzlə ticari-iqtisadi sahədə demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Sonra Rusiya və Azərbaycan tərəfindən olan həmkarlarımızdan bu barədə danışmalarını xahiş edərik. Lakin bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq. Əminəm ki, bu gün Sizinlə qarşılıqlı fəaliyyətimizin bütün aspektləri barədə danışacağıq".

Vladimir Putin qeyd edib ki, ötən il Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi demək olar ki, 14 faiz artıb və 2,5 milyard dollara çatıb.

Azərbaycan Prezidenti İlham Əliyev də qeyd edib ki, əmtəə dövriyyəsinin artması müşahidə edilir: "Sizin qeyd etdiyiniz kimi, konkret layihələrin irəlilədilməsi üçün xüsusi mexanizm mövcuddur. Biznes dairələri birgə işləməyə çox böyük maraq göstərirlər. Əlbəttə, nəqliyyat-logistika sahəsi əməkdaşlığın mühüm istiqamətidir. Burada da, energetika, kənd təsərrüfatı, humanitar əməkdaşlıq sahələrində də yaxşı nəticələrimiz var. Düşünürəm ki, qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)