“Bank BTB”də kapital itkisi müşahidə edilir, ümumi zərəri 16 milyona çatıb: HESABAT
“Bank BTB”in maliyyə göstəricilərinin təhlili göstərir ki, 2019-ci ilin yanvar-fevral-mart aylarında pul vəsaitlərində 15 milyon 917 min manat həcmində azalma baş verib. Nəticədə dövrün əvvəlinə bankın vəsaitlərinin həcmi 34 milyon 272 min manat olduğu halda, dövrün sonuna 18 milyon 355 min manata düşüb.
Aktivlərin tərkibində kreditlər artıb
“BI” xəbər verir ki, “BTB Bank”ın balans hesabatına əsasən, illik müqayisədə aktivləri cuzi artaraq 291 milyon 88 min manat olub. Aktivlərin tərkibini təhlil etsək görərik ki, 171 milyon 280 min manatı müştərilərə verilən kreditlər tutur. Kreditlərin həcmi illik müqayisədə 11,5% artıb və aktivlərin 58%-ni təşkil edir. Bankın nağd vəsaitləri 13 milyon 32 min manat, müxbir hesabındakı vəsaiti isə 5 milyon 323 min manat, qiymətli kağızları 3 milyon 314 min manat təşkil edib. “BTB Bank”ın müxbir hesabındakı vəsaitləri 3 dəfə azalıb.
Mərkəzi Banka borcu azalıb
“BTB Bank”ın öhdəlikləri illik müqayisədə 1,1% artaraq 238 milyon 200 min manat olub. Müştərilərin tələbli depozitlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% azalaraq 25 milyon 218 min manat olub. Lakin müştərilərin müddətli depozitlərinin həcmi 24,8% artaraq 82 milyon 487 min manat təşkil edib.
“BTB Bank”ın Mərkəzi Banka borcu illik müqayisədə 3,7 dəfə azalaraq 7 milyon 316 min manat olub.
“Bank BTB”nin 2019-ci ilin birinci rübündə cəmi kapitalı 52 milyon 888 min manatdır. İlin əvvəli ilə müqayisə etdikdə “Bank BTB”də üç ayda 2 milyon 519 min manat həcmində kapital itkisi müşahidə edilir.
Zərəri 16 milyon manata yüksəlib
Bank 2019-ci ilin yanvar-mart ayını 2 milyon 688 min manat zərərlə başa vurub. Hesabata əsasən, zərərlilik bankın gəlirləri ilə bağlı deyil, əksinə builki göstəricilər ötən ilin eyni rübü ilə müqayisədə daha yüksəkdir. Belə ki, faiz gəlirləri 5 milyon 239 min manat, faiz xərcləri 2 milyon 866 min manat, qeyri-faiz gəlirləri 1 milyon 402 min manat, qeyri-faiz xərcləri isə 3 milyon 496 min manatdır.
Nəticədə əməliyyat mənfəəti 279 min manat olub. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatısının ehtiyatlarla bağlı tələbi bankın aktivlər üzrə 2 milyon 966 min manat ehtiyat ayırmasını tələb etdiyindən sonda rübü zərərlə bağlayıb. Bankın 2019-cü il üçüncü rübün sonuna zərəri ümumilikdə 16 milyon manata yüksəlib.