Rəsmi

İqtisadiyyat Nazirliyinin səlahiyyətində dəyişiklik edildi

Prezidentin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də və 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmanda deyilir,

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.29-cu yarımbəndində “investisiya qoyuluşu sahəsində dövlət zəmanəti ilə alınan kreditlərin layihələri üzrə müqavilələrin (sazişlərin, kontraktların) və ya təkliflərin iqtisadi ekspertizasını aparmaq, belə kreditlərə dair xarici investorlarla danışıqlarda iştirak etmək,” sözləri “Azərbaycan Respublikası adından alınan borc hesabına maliyyələşdirilməsi təklif edilən layihələrin (o cümlədən icrada olan layihə üçün əlavə maliyyələşdirmənin) və kreditlərin zəmanətlə alınması barədə müraciətlərin zəruriliyini, prioritetliyini, maliyyə dayanıqlığını, ölkənin sosial-iqtisadi inkişafına təsirini qiymətləndirmək,” sözləri ilə əvəz edilsin.

(Əvvəl – 3.0.29. investisiya qoyuluşu sahəsində dövlət zəmanəti ilə alınan kreditlərin layihələri üzrə müqavilələrin (sazişlərin, kontraktların) və ya təkliflərin iqtisadi ekspertizasını aparmaq, belə kreditlərə dair xarici investorlarla danışıqlarda iştirak etmək, onların icrasına nəzarəti həyata keçirmək;)

2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın 1.3-cü bəndində “Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanına” sözləri “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanına” sözləri ilə əvəz edilsin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)