Azərbaycanda şirkət növbəti dəfə istiqraz buraxır
Azərbaycanın boru istehsalçısı dövriyyəyə 3 milyon manatlıq istiqraz buraxmağa start verib. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “METAK” şirkətin hər birinin nominal dəyəri 1000 AZN olan 3000 ədəd faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarını qeydiyyata alıb.
“METAK” MMC-nin Maliyyə meneceri İsmayıl Hümbətov bildirdi ki, istiqrazların tədavül müddəti 1 il, illik gəlirlilik 10%-dir. Faiz gəlirinin ödəniş müddət isə 1 aydan bir (30 gün) müəyyən edilib. Emissiyanın anderrayteri “İnvest-AZ Investisiya Şirkəti”dir. İstiqrazların satışına gələn həftədən start veriləcəkdir.
Əlavə olaraq qeyd edək ki, bu emissiya “METAK”ın sayca 3-cü istiqraz emissiyasıdır. Birinci emissiyanın həcmi 2 milyon manat, ikinci emissiyanın həcmi isə 3 milyon manat təşkil etmiş, “METAK” şirkəti hər iki buraxılış üzrə öz öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirmişdir.
Şirkətin əməkdaşı əlavə etdi ki, istiqraz buraxılışı ilə cəlb ediləcək 3 milyon manatın bir hissəsi dövriyyə vəsaitinin artırılmasına, qalan hissəsi isə əsas vəsaitlərin alınmasına sərf ediləcəkdir. “METAK”ın istehsal etdiyi məhsullara təlabatın artması istehsalın genişləndirilməsini tələb edir.
İsmayıl Hümbətov vurğuladı ki, yüksək gəlirli və eyni zamanda etibarlı qazanc mənbəyi olduğundan “METAK” istiqrazlarına investorların marağı böyükdür.