Hadisə

FHN Diqlas ticarət mərkəzinə təhlükəsizlik sənədi vermişdimi?

Bakıda Diqlas adlı ticarət mərkəzi içərisində mağaza sahiblərinin minlərlə manat dəyəri olan mallarla bilrikdə yandıqdan sonra artıq divarları qalmış bu binada yanğın təhlükəsizliyinin necə təmin olunduğu barədə suallar ortaya çıxıb.

Binada yanğın təhlükəsizliyi sistemi təmin olunmuşdumu? Buna kim nəzarət etməli idi? Sahibkarlara yanğın təhlükəsizliyi barədə təlimat verilmişdimi?

Və nəhayət, Fövqəladə Hallar Nazirliyi binada yanğın təhlükəsizliyi sisteminin yerində olmasını təsdiqləyən hər hansı sənəd vermişdimi?

FHN bu sualları "asudə vaxtında" cavablandıracaq - FHN sözçüsü Yəhya Babanlı BBC News Azərbaycancaya deyib ki, "hazırda yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı işlər görülsün, asudə vaxtda" bu suallara cavab verəcək.

"Yanğın təhlükəsizliyi haqqında" Qanuna görə, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin edən orqan Dövlət Yanğın Nəzarəti Xidmətidir. Bu xidmət isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinindir.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov çərşənbə axşamı günü "yanğının bu cür geniş yayılmasının səbəbi kimi obyekt rəhbərliyinin yanğın təhlükəsizlik qaydalarına ciddi nəzarət etməməsini" göstərib.


"Centlemen razılaşması"

Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyi Diqlas Ticarət Mərkəzində Yanğın

Fotonun müəllifiAZERTAG

"Mən bu binada yanğın şiti görməmişəm. Üstəlik, eşitməmişəm ki, yanğına görə nə vaxtsa, hansısa təlim olsun, dünən mühafizəçilərdən soruşuram ki, sizə təlim keçiblərmi, yaxud da məlumatlandırılma olubmu? Deyirlər ki, olmayıb. Mənim 300 minlik (manatlıq - red.)malım yandı. Elə adam var 800 minlik malı yanıb. Evim kreditdədir. Tək malımız yox, elə özümüz də yandıq", "Diqlas"da mağaza sahibi olmuş sahibkarlardan biri deyir.

Adının çəkilməsini istəməyən sahibkar deyir ki, orada işlədiyi bir ildə nə özünə, nə də işçisinə yanğın təhlükəsizliyi ilə bağlı heç bir sənəd göstərilməyib və məlumat verilməyib.

"Obyektlərin giriş-çıxışında, yaxud divarlarında yanğından mühafizəyə dair heç bir nişan, texniki əşya görməmişəm, üstəlik, bu bina elə ümumi meydança kimi tikilib, elə istəyənə də müəyyən kvadrat ayırıb verirdilər", çərşənbə axşamı günü baş verən yanğında malları məhv olmuş sahibkar deyir.

Sahibkar deyir ki, mərkəzdə yer icarəyə götürərkən müqavilə bağlanmayıb.

"Müqavilə var ki, orada təhlükəsizlik məsələsindən də yazalar? Ora tikiləndən mən görmüşəm. Meydança kimi tikdilər. Əvvəlcə normal bölüb satırdılar. Kim neçə kvadrat metr istəyirdisə, o qədər. Bir müddətdən sonra obyektlərin arasında qalan balaca-balaca yerləri də camaata icarəyə verməyə başladılar.

Dükanı götürürdün, olurdu sənin. Centlemen razılaşması yəni, səhər gəlib səni qova da bilərdi, heç nə edə bilməzdin, çünki müqavilə yox idi. Bir şey ki, arenda pulunu bir gün gecikdirəndə səhər tezdən gəlib görürdün ki, dükanında plomb var".

Sahibkar deyir ki, icarəyə götürdüyü hər kvadrat metr ərazi üçün 35 manat ödəyib. Lakin bu məbləğə hansı xidmətlərin daxil olduğunu ona deməyiblər.

Yanğının səbəbi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov hadisə yerində mediaya müsahibəsində "ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemlərinin olmadığını" deyib.

"Ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemləri yoxdur. Yanğın söndürmək üçün suyu iki kilometr məsafədən gətirirdik. Bu da bizim işimizi çətinləşdirirdi. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizlik qaydalarına ciddi nəzarət olunmadığından yanğın bu cür geniş yayılıb. Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq", - cənab Novruzov qeyd edib.

Diqlas Ticarət Mərkəzində yanğın

"Sözügedən ticarət mərkəzində dəfələrlə alış-veriş edərkən peşə vərdişi olaraq, tikiliyə girib-çıxanda oradakı yanğın təhlükəsizliyi texnikasının olub-olmaması, yanğın çıxışlarının varlığı ilə bağlı detalları axtarsam da görməmişdim. Üstəlik oranın mühafizəçilərinin təlimsiz olduqları da çox aşkar bilinirdi", yanğın təhlükəsizliyi məsələləri üzrə təhlilçi Vahid Əhədov deyir.

Keçmiş FHN əməkdaşı deyir ki, "insanların kütləvi toplaşdığı ən təhlükəli və ən vacib yerlər ildə iki dəfə yoxlamalardan keçməlidir".

"Bunlardan biri diqqətli nəzəri müayinə, digəri isə 6 aydan bir aparılan və həmin diqqətli nəzəri müayinə zamanı ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması üçün olan yoxlamalardır.

Son üç ildə ticarət məntəqələrində yoxlamaların aparılmasının məhdudlaşdırılması Dövlət Yanğın Nəzarəti Xidmətinin də fəaliyyətini məhdudlaşdırdı. Ancaq bu belə olmamalı idi".

Təhlilçi hesab edir ki, bu məsələdə dövlət qurumu qədər sahibkarlar da maraqlı olmalıdırlar.

"Bir çox mağazalarda, obyektlərdə sahibkarlar siqnalizasiya aparatını yapışdırır, ancaq quraşdırmırlar. Sahibkar anlamalıdır ki, satdığı əşyaya bir şey olsa, bu onun cibinə təsir edəcək, obyektində ölüm olsa, onun cinayət məsuliyyəti sahibkarın boynundadır".

Cənab Əhədov bəzi yerlərdə yanğınsöndürmə balonlarının görüntü xətrinə qoyulduğunu düşünür.

"Balonu bir dəfə alıb qoyurlar və bitdi. Halbuki odsöndürən balon tozludursa, 3 ildən bir, sıxılmış karbon qazı ilə doldurulubsa, ildə bir dəfə dəyişilməlidir, çünki vaxtı keçmiş balon istifadəsi lazım gəldikdə o təzyiqi verməyəcək. Bundan başqa, daxili yanğın kranları işləməli, yanğın şlanqlarının biri 20 metr olmaqla hər mərtəbənin ehtiyacı olan qədər təchizat olmalıdır".

Mühafizəçilərə gəldikdə isə Vahid Əhədov hesab edir ki, onlara təlim keçilməli və hazırlıqlı olmaları təmin olunmalıdır.

"Mühafizəçi də hər hansı yanğın hadisəsi zamanı təlimata uyğun olaraq, ya balonlardan, ya da yanğın kranlarından istifadə edərək, yanğınsöndürmə xidməti gələnə kimi yanğını idarə etməyə çalışmalıdır ki, yayılmasın", təhlilçi izah edir.

Nə baş verib?

Çərşənbə axşamı günü Bakının Nizami Rayonu ərazisində yerləşən "Diqlas" ticarət mərkəzində yanğın olub.

Təxminən 1000 kv metr ərazidə yerləşən 4 mərtəbəli "Diqlas" ticarət mərkəzində yüzlərlə mağaza olub.

Yanğını söndürməyə 3 helikopter və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti də cəlb olunub.

Hadisə yerinə gələn Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğının səviyyəsini "ciddi" qiymətləndirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)