Ford Rusiyada minik avtomobili istehsalını dayandırır
Ford, yenidənqurma çərçivəsində Rusiyadakı 3 zavodunu bağlayacaq
Mərkəzi ofisi ABŞ-da yerləşən Ford şirkətinin Rusiyada avtomobil istehsalını dayandıracağı açıqlanıb.
"BI" xəbər verir ki, Ford-un Rusiyadakı ortaq şirkəti "Ford Sollers"dan verilən açıqlamada, şirkətin 2019-cu ilin İyun ayından etibarən minik avtomobili istehsalını dayandıracağı qeyd edilib.
Rusiyadakı 2 montaj və bir mühərrik zavodunun bağlanılacağı bildirilən açıqlamada, yenidənqurma çərçivəsində atılacaq addımlar nəticəsində "Ford Sollers" ortaq şirkətinin, "Sollers" şirkətinə təhvil veriləcəyi də qeyd edilib.
"Ford Sollers"ın rəhbəri Adil Şirinov, "Bu gün açıqladığımız qərar çətin olmaqla bərabər "Ford Sollers"ın uzunmüddətli uğuru üçün kritik əhəmiyyət daşıyır", - ifadəsini istifadə edib.
Şirkətin, Rusiyada yüngül kommersiya avtomobil istehsalına isə davam edəcəyi bildirilib.
Ford, qlobal yenidənqurma prosesi çərçivəsində 3 il əvvəl Yaponiya və İndoneziya bazarlarından çıxmışdı.
İqtisadiyyatda baş verən çətinliklər səbəbilə Rusiyada 2012-də 1 milyon 970 min avtomobil istehsal edilərkən, bu rəqəm ötən il 1 milyon 560 minə geriləmişdir.
Mütəxəssislər, Ford-un, xüsusən Cənubi Koreya və Avropanın avtomobil markaları ilə Rusiya bazarında rəqabət apara bilmədiyini söyləyirlər.