MALİYYƏ

2018-də metronun inkişafına dövlət investisiyaları 100 milyon dollara yaxın təşkil edib

2018-ci ildə Bakı Metropoliteninin inkişafına dövlət investisiyaları 165,74 mln. manat təşkil edib (97,5 mln. dollar). Bu barədə hökumətin hesabatında məlumat verilib.

“Bütövlükdə, 2018-ci ildə “Bakı Metropoliteni” QSC-nin metro xəttlərinin tikintisinin davam etdirilməsinə dövlət büdcəsindən 165,74 mln. manat ayrılıb (artım 4,5 dəfə)”, - hökumətin 2018-ci il üzrə hesabatında qeyd olunur.

Xüsusilə, ötən il bu vəsait hesabına 3-cü (bənövşəyi) metro xəttində "B-3"-"B-4"-"B-5" stansiyalarının hissələrinin tikintisi, "B-3" stansiyasında “A”, “D”, “C” çıxışlarında tikinti-quraşdırma işləri, “B-2” və “B-3” stansiyaları arasında tunelin yuxarı hissəsinin tikintisi və “B-3” stansiyasının yuxarı hissəsində izolyasiya işləri davam etdirilib.

Bundan əlavə, 2018-ci ildə "Depo-1" elektrik yarımsransiyasının tikintisi başa çatdırılıb.

“Ötən il “Sahil” metro stansiyasının tikintisinin başa çatdırılmasına ümumi investisiyalar 16 mln. 257,6 min manat təşkil edib. Bunun 14 mln. 34,4 min manatı dövlət vəsaiti, 2 mln. 223,2 min manatı Bakı Metropoliteninin öz vəsaitinin payına düşüb”, - hesabatda qeyd edilib.

Hökumətin məlumatına görə, 2018-ci ildə Bakı Metropoliteni ilə 231 mln. nəfər daşınıb (2017-ci illə müqayisədə artım 0,9%).

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 2 xətt və 24 stansiyadan ibarətdir. 2030-cu ilə qədər stansiyaların sayı 76-ya, metro xətlərinin ümumi uzunluğu isə 109 km-ə çatacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)