Hadisə

Məmura yarım milyon "atan" şəxsin cəzası uzadıldı

Sumqayıt Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ayaz Məhərrəmovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Businessinsider.az" məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, onun 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 8 ilə qədər artırılıb.

İttiham aktına əsasən, iş üzrə zərərçəkmiş qismində Ramil Babayev və onun həyat yoldaşı Fərqanə Babayeva tanınıb. Hər iki şəxs Abşeronda iş qurmaq adı ilə Azadi Paşayev və A.Məhərrəmova 501 677 min manat veriblər. A.Paşayev pulu alaraq Türkiyəyə qaçıb. Onların barəsində cinayət işi başlanılıb və A.Məhərrəmov həbs edilib. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məhərrəmov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv olunub və A.Məhərrəmov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, R.Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)