Sosial iqtisadiyyat

Əmək pensiyası alan I qrup əlillərə də Prezident təqaüdü veriləcək

Gələn aydan etibarən əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də Prezident təqaüdü veriləcək. 

Bu barədə "Businessinsider.az"-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də Prezidentin aylıq təqaüdünün ödənilməsinə imkan verib.

Belə ki, hazırda ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə, I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir.

25 fevral 2019-cu il tarixli sərəncamla aprelin 1-dən Prezidentin həmin aylıq təqaüdü sosial müavinət alan I qrup əlilliyi olan şəxslərlə yanaşı, əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də ödəniləcək.   

Eyni zamanda, həmin təqaüdün məbləği gələn ayın əvvəlindən 73 manatdan 100 manata çatdırılacaq. Bununla yanaşı, I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə də sərəncamla aprelin 1-dən Prezidentin aylıq təqaüdü (50 manat) veriləcək.

Beləliklə, əmək pensiyası alan I qrup əlilliyi olan şəxsə də sosial müavinət alan I qrup əlilliyi olan şəxs kimi, aprelin 1-dən Prezidentin aylıq təqaüdü kimi 100 manat, həmçinin ona qulluq edən şəxs üçün Prezidentin aylıq təqaüdü kimi 50 manat ödəniləcək. Sərəncam ən həssas kateqoriyalardan olan 577 minədək vətəndaşı əhatə edir ki, onlardan 300 minə qədəri əlilliyi olan şəxslərdir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department