Azərbaycan səfiri 10 banka kürü oğurlayıb? - İTTİHAM
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş hədiyyəsini mənimsəyib.
"BI" virtualaz.org-a istinadən xəbər verir ki, söhbət 10 banka kürüdən gedir.
Bundan başqa, hazırda Azərbaycanın Əbu-Dabidəki səfirliyində xüsusi komissiya işləyir, hansı ki, yarım milyon dolların yox olması faktını araşdırır. Şübhələr var ki, bu pul mənimsənilib.
Saytın digər məlumatına əsasən, prezident İlham Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun geri çağırılması haqda fevralın 25-də sərəncam imzalayıb.
Martın 7-də isə Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin müavini Leyla Süleymanovanı bu ölkədəki müvəqqəti işlər vəkili təyin etmək barədə əmr imzalayıb. L.Süleymanova yeni səfirin təyinatına qədər müvəqqəti işlər vəkili vəzifəsini icra edəcək.
Bununla belə Azərbaycan XİN-in rəsmi saytında Daşqın Şikarov hələ də Birləşmiş Ərəb Əmirliklərindəki səfir kimi göstərilir.
Qeyd edək ki, Daşqın Şikarov kifayət qədər təcrübəli diplomatdır. Daha əvvəl o, Azərbaycanın Pakistanda və Əfqanıstandakı diplomatik missiyalarına başçılıq edib. O, Azərbaycanın BƏƏ-də səfiri vəzifəsinə 2016-cı ilin yanvarında təyin edilib.