Bu 5 küçədə ancaq piyadalar hərəkət edə biləcək - Oktyabrın 5-dən
İki ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək.
ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, dəyişikliklər Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil edilir.
Qeyd edək ki, əvvəlki qaydada olduğu kimi, fərdi parklanma talonuna malik sakinlərin, operativ, tibbi, kommunal, eləcə də logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin ediləcək. Bununla yanaşı, ərazidə fəaliyyət göstərən dövlət qurumları, diplomatik nümayəndəliklər, tibb müəssisələri və biznes subyektləri ilə müvafiq iş aparılacaq, onlara zəruri dəstək göstəriləcək.
Qaydaların tətbiqinə oktyabrın 5-dən etibarən test rejimində başlanılması nəzərdə tutulur.


















