OpenAI-da “yarpaq tökümü” davam edir: Daha bir rəhbər getdi
“ChatGPT”nin yaradıcısı OpenAI şirkətində rəhbər heyətində dəyişikliklər davam edir. Şirkətin infrastruktur və məlumat mərkəzlərinin genişləndirilməsi proseslərinə rəhbərlik edən Chris Malone vəzifəsindən ayrılıb.
ENA.az xəbər verir ki, bu barədə Bloomberg HT məlumat yayıb.
Məlumata görə, Malone-un məsuliyyətləri şirkətin infrastruktur komandasında digər rəhbərlər arasında bölüşdürülüb. OpenAI isə hesablama gücünün və məlumat mərkəzlərinə investisiyaların idarə olunması üçün yeni texnologiya rəhbəri təyin edib.
Şirkət eyni zamanda məlumat mərkəzləri ilə bağlı bəzi layihələri yenidən aktivləşdirir. Bu layihələrə, xüsusilə, məlumat mərkəzlərinin tamamilə icarəyə götürülməsinə yönəlmiş təşəbbüslər daxildir.
Son aylarda bir neçə rəhbər ayrılıb
Chris Malone-un gedişi OpenAI-da son aylarda baş verən rəhbər dəyişikliklərinin növbəti mərhələsidir.
Şirkətin uzun müddət rəhbərliyində yer alan Brad Lightcap avqustun əvvəlində yeni layihəyə fokuslanmaq üçün OpenAI-dan ayrılacağını açıqlayıb.
Bundan əvvəl şirkətin əsas biznes istiqamətlərinə rəhbərlik edən Fidji Simo vəzifəsindən istefa verib. Keçmiş məhsul rəhbəri Kevin Weil isə apreldə şirkəti tərk edib.
Rəhbər heyətindəki dəyişikliklər OpenAI-nin süni intellekt sahəsində qlobal rəqabəti sürətləndirdiyi və məlumat mərkəzlərinə böyük həcmdə investisiya yatırdığı dövrə təsadüf edir.


















