AEM: İyulda yoxlanılan hər 7 aptekdən birində nöqsan aşkarlanıb
İyul ayında Azərbaycanda fəaliyyət göstərən 78 aptekdə yoxlama aparılıb, onların 11-də müxtəlif pozuntular aşkarlanıb.
ENA.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.
Məlumata görə, yoxlamaların 55-i Bakı şəhərində, 23-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə keçirilib.
Hesabat dövründə həyata keçirilən yoxlamaların 51-i planlı, 26-sı plandankənar, 1-i isə yoxlamadan kənar olub.
Yoxlamaların nəticələrinə əsasən, 11 aptekdə müxtəlif qanun pozuntuları müəyyən edilib.
Aşkarlanmış nöqsanlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati xəta protokolları tərtib olunub.
Beləliklə, iyul ayında yoxlanılan apteklərin təxminən 14 %-də, yəni hər 7 aptekdən birində qanun pozuntusu aşkar edilib.


















