Dolların möhkəmlənməsi qızılı ucuzlaşdırdı (31.07.2026)
Qlobal bazarlarda qızıl qiymətləri mənfəət satışları və ABŞ dollarının möhkəmlənməsi fonunda geriləyib. Buna baxmayaraq, qiymətli metal güclü alışların təsiri ilə son beş ayda ilk dəfə aylıq artımı başa vurmağa hazırlaşır.
Məlumata görə, spot qızılın bir unsiyası 0,6% ucuzlaşaraq 4 076,53 ABŞ dollarına enib. ABŞ-da avqust ayı üzrə qızıl fyuçersləri isə 0,4% azalaraq 4 074,20 ABŞ dolları səviyyəsində ticarət olunub. Buna baxmayaraq, qızıl həftəlik 0,6%, aylıq isə təxminən 1,7% bahalaşmağa hazırlaşır.
KCM Trade şirkətinin baş bazar analitiki Tim Uoterer bildirib ki, qiymətlərdəki geriləmə əsasən mənfəət realizasiyası və ABŞ dollarının möhkəmlənməsi ilə əlaqədardır. Onun sözlərinə görə, bu ay qızıl bazarında müşahidə olunan güclü dinamika fonunda 4 000 ABŞ dolları səviyyəsi mühüm dəstək zonası kimi formalaşıb və enişlər zamanı alıcıların bazara qayıtmasına şərait yaradıb.
ABŞ dolları əvvəlki sessiyada 2023-cü ilin yanvarından bəri ən kəskin gündəlik enişini yaşadıqdan sonra 0,3% möhkəmlənib. Dolların bahalaşması qızılı digər valyutalardan istifadə edən investorlar üçün daha bahalı etdiyindən qiymətlərə təzyiq göstərir.
Bazar iştirakçılarının diqqəti eyni zamanda ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasətinə yönəlib. Tənzimləyici son iclasında faiz dərəcəsini dəyişməsə də, sədr Kevin Warş növbəti addımla bağlı konkret siqnal verməyib. CME FedWatch alətinin məlumatına görə, bazarlar sentyabr ayında faiz artımı ehtimalını 63% səviyyəsində qiymətləndirir.
Analitiklər bildirirlər ki, Yaxın Şərqdə geosiyasi risklərin davam etməsi də qızıla dəstək verən amillərdən biridir. Misirin Aralıq dənizi sahilində yerləşən Dimyat limanında iki mayeləşdirilmiş təbii qaz gəmisinə pilotsuz uçuş aparatları ilə hücum edilməsi Süveyş kanalı vasitəsilə daşınmalara dair riskləri yenidən gündəmə gətirib. Bununla yanaşı, BCA Research uzunmüddətli perspektivdə geosiyasi parçalanma, qloballaşmanın zəifləməsi və ABŞ-da fiskal risklərin qızılın "təhlükəsiz liman" statusunu dəstəkləməyə davam edəcəyini qeyd edib.
















