"Turan Bank"ın mənfəəti 2,3 dəfə artıb
"Turan Bank" ASC bu ilin ilk yarısını 5,014 milyon manat xalis mənfəətlə başa vurub.
Bankın maliyyə hesabatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Yanvar-iyun aylarında bankın gəlirləri 71,331 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 18,6 faiz artım deməkdir. Xərclər 56,091 milyon manata çataraq 22,7 faiz artıb, xüsusi ehtiyatlara ayırmalar isə 16,4 faiz azalaraq 10,227 milyon manat olub. Hesabat dövründə bank mənfəət vergisi ödəməyib.
İyulun 1-nə "Turan Bank"ın aktivləri 951,015 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. Aktivlərin 660,654 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Bankın kredit portfeli son bir ildə 0,6 faiz artıb.
Hesabat dövründə bankın öhdəlikləri 0,1 faiz azalaraq 841,642 milyon manata düşüb. Depozit portfeli 0,9 faiz azalaraq 462,869 milyon manat olub. Bankın balans kapitalı isə 3,7 faiz artaraq 109,373 milyon manata çatıb.
Qeyd edək ki, "Turan Bank" 1992-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 100,006 milyon manatdır. Səhmlərinin 42,9 faizi 8 hüquqi şəxsə, 57,1 faizi isə 20 fiziki şəxsə məxsusdur.


















