Vüsal Qurbanov: "Zəlzələ risk xəritələri hazırlanıb"
Azərbaycanda zəlzələ risk xəritələri hazırlanıb.
ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən "Əmlak Sığortası və Risklərin Qorunması: Evlərin və Bizneslərin Təhlükəsizliyinin Təmin Edilməsi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi və İcbari Sığorta Bürosu (İSB) ilə birlikdə ilk dəfə zəlzələ risklərinin milli modelləşdirilməsini həyata keçirib: "Layihə bu sahədə ixtisaslaşmış Türkiyə şirkətinin iştirakı ilə icra edilsə də, model tamamilə Azərbaycanın xüsusiyyətlərinə uyğun hazırlanıb. Bu model vasitəsilə Azərbaycanın müxtəlif bölgələrində fərqli dövrlərdə baş verə biləcək zəlzələlər və onların mümkün təsirləri proqnozlaşdırılır. Nəticədə ölkədə zəlzələ risklərini qruplaşdıran ilkin xəritələr hazırlanıb və hazırda sığorta şirkətləri ilə onların tətbiqi istiqamətində müzakirələr aparılır".
V.Qurbanov qeyd edib ki, yeni modelləşdirmə sığorta şirkətlərinə sığortaladıqları əmlakın zəlzələ zamanı məruz qala biləcəyi zərərin həcmini əvvəlcədən qiymətləndirməyə imkan verir: "Bununla da şirkətlər topladıqları öhdəliklərin hansı hissəsinin mümkün zəlzələ risklərinə yönələcəyini daha dəqiq hesablaya biləcəklər. Əsas məqsədlərdən biri təbii fəlakətlər nəticəsində dövlət büdcəsinə düşən fiskal yükü azaltmaqdır. Risklərin sığorta sektoruna ötürülməsi, sığorta əhatəsinin genişləndirilməsi dövlətin maliyyə yükünü əhəmiyyətli dərəcədə azalda bilər. Sığortalanmış əmlakların sayı artdıqca təbii fəlakətlər zamanı dövlətin üzərinə düşən öhdəlik də azalacaq. Model həmçinin dövlətə məxsus əmlakın zəlzələ nəticəsində məruz qala biləcəyi mümkün zərərləri əvvəlcədən proqnozlaşdırmağa imkan verəcək".
"Beynəlxalq təcrübədə icbari sığortaya əsasən dövlət üçün böyük fiskal risk yaradan katastrofik hadisələr daxil edilir. Bu yanaşma həm dövlətin maraqlarını qoruyur, həm də sığorta sisteminin dayanıqlığını artırır. Bununla yanaşı, sığorta məhsullarının vətəndaşlar üçün əlçatan olması da əsas prinsiplərdən biridir. Bu məqsədlə İSB bütün icbari sığorta növlərini elektronlaşdırıb. Hazırda vətəndaşlar sığorta şirkətlərinin internet səhifələri və mobil tətbiqləri vasitəsilə cəmi bir neçə məlumat daxil etməklə əmlaklarını onlayn qaydada sığortalaya bilirlər. Sistem dövlət qurumlarının informasiya bazaları ilə inteqrasiya olunduğundan məlumatlar avtomatik şəkildə yoxlanılır, sığorta şəhadətnaməsi isə dərhal elektron formada yaradılır. Bunun üçün əmlakın çıxarışı və digər texniki sənədlərin ayrıca təqdim edilməsinə ehtiyac qalmır", - deyə AMB rəsmisi əlavə edib.
















