Yandırdıqda əridiyi iddia edilən düyü barədə - AÇIQLAMA
Bir müddət əvvəl kütləvi informasiya vasitələrində “Delicate” əmtəə nişanlı basmati düyünün insan həyatı və sağlamlığı üçün təhlükəli olması barədə məlumatlar yayılmışdı. Belə ki, məlumatlarda vətəndaş yerli mağazalardan birindən aldığı düyünü qaz sobasında yandırdıqda onun əridiyini bildirirdi.
Qida Təhlükəsizliyi Agentliyindən sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı məlumat mediadan götürülərək araşdırma aparılıb:
“Agentliyin əməkdaşları adıçəkilən düyülərdən nümunələr götürərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim ediblər. Laborator analizlər nəticəsində məlum olub ki, təqdim olunmuş düyü nümunələri istehsalçının məhsulun üzərində bəyan etdiyi normativ sənədlərin tələblərinə cavab verir”.
Rəsmi məlumata görə, məhsulun sınaq nəticələrinə dair protokollara əsasən kütləvi informasiya vasitələrində yayılan düyünün insan həyatı və sağlamlığı üçün təhlükəli olması barədə məlumatlar öz təsdiqini tapmayıb.