Dubayın simvolu bağlanır
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən məşhur “Burj Al Arab” hotelinin 18 ay müddətinə bağlanacağı açıqlanıb. Qərar hoteldə aparılacaq genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə bağlıdır.
Məlumata görə, BƏƏ-nin nüfuzlu nəşrlərindən biri olan “The National” qəzetinə danışan hotel nümayəndələri bildiriblər ki, layihə çərçivəsində binanın interyeri yenilənəcək, eyni zamanda, onun orijinal memarlıq üslubu qorunub saxlanacaq.
1999-cu ildə istifadəyə verilən və yelkən formasını xatırladan unikal dizaynı ilə tanınan “Burj Al Arab” uzun illərdir Dubayın simvollarından biri hesab olunur və ölkənin turizm sektorunda xüsusi yer tutur.
Son dövrlərdə regionda baş verən gərginliklər fonunda bəzi iddialar səsləndirilsə də, hotelin bağlanmasının əsas səbəbi kimi rəsmi şəkildə yalnız planlaşdırılmış təmir və bərpa işləri göstərilir.
Qeyd edək ki, Dubay Hökumətinin Media Ofisinin yaydığı məlumata əsasən, mart ayında zərərsizləşdirilən pilotsuz uçuş aparatının qalıqları hotelin xarici hissəsində kiçik yanğına səbəb olmuşdu. Hadisə qısa müddətdə nəzarət altına alınmış və ciddi ziyan qeydə alınmamışdı.


















