İRİA: "Digital Bridge" vasitəsilə 2 milyarddan artıq əməliyyat həyata keçirilib
"Digital Bridge" rəqəmsal məlumat mübadiləsi sistemi vasitəsilə həyata keçirilən əməliyyatların sayı 2 milyarddan artıq olub.
ENA.az Report-a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov qurumun ötənilki fəaliyyətinin nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu əməliyyatların 1 milyarddan çox hissəsi məhz 2025-ci ilin payına düşür: "Ötən dövrdə 10 yeni qurum, 27 informasiya sistemi rəqəmsal məlumat mübadiləsi sisteminə inteqrasiya edilib. Bu, ümumilikdə 500-dən artıq müvafiq elektron xidmətin rəqəmsal məlumat mübadiləsi sistemi ilə inteqrasiyası deməkdir".
O bildirib ki, rəqəmsal sənəd dövriyyəsi sistemi vasitəsilə biznes subyektlərinin də inteqrasiyasına başlanılıb: "Ötən dövrdə artıq 17 universitet və təhsil ocağı, eləcə də 16 biznes subyekti rəqəmsal sənəd dövriyyəsinə inteqrasiya edilərək dövlət qurumlarının yazışmaları tamamilə kağızsız formata keçirilib. Eyni dövrlərdə rəqəmsal sənəd dövriyyəsinə 1 300-dən artıq qurum inteqrasiya edilib. Bu, 31 milyondan çox vərəqə və ümumilikdə 5 700 ağaca qənaət edilməsi anlamına gəlir. Bu texnologiya məhz yaşıl cəmiyyətin qorunması istiqamətində aparılan uğurlu layihələrdən biri olmaqdadır".


















