Azərbaycanın nar məhsulları 27 ölkəyə ixrac olunur - MÜSAHİBƏ
"Az-Granata" MMC-nin direktor müavini, professor Vüqar Mikayılovun müsahibəsi
- Vüqar bəy, "Az-Granata" zavodunun son istehsal və ixrac həcmləri, həmçinin məhsullar üzrə pay bölgüsü barədə məlumat verməyinizi xahiş edirik.
- "Az-Granata" MMC-nin ixracatında əsas yeri nar şirəsi və nar konsentratı tutur ki, bunlar da əsasən dünyanın 20-dən artıq ölkəsinə ixrac edilir. 2018-ci ildən etibarən isə nar şərabları, üzüm şərabları, konyaklar, vodka, müxtəlif meyvə araqları əsasən Ukrayna, Rusiya, Baltikyanı ölkələr, Yaponiya, Çin və Almaniyaya tədarük edilir. 2019-cu ildə Moskva şəhərində keçirilən "ProdExpo" qida sərgisinin nəticələri bu il ixrac portfelimizin iki dəfə artacağını söyləməyə imkan verir.
Fikrimcə, yaxın gələcəkdə Azərbaycanda istehsal edilən nar şərabları digər ölkələrin istehsal etdiyi nar şərablarından həm dadı, həm də ətri baxımından tamamilə fərqləndiyi üçün bir Azərbaycan brendinə çevriləcək.
- Mövcud istehsal yerli və xarici tələbatı necə ödəyir? Mövcud əkin sahələri hazırda istehsalı təmin edirmi? Yeni meyvə bağlarının salınmasına ehtiyac varmı?
- Sovet dövründə Azərbaycanda 160 min hektar üzüm bağının olması və bu bağların artıq 2000-ci illərdə 10 min hektardan da az qalması bizi dərindən düşünməyə sövq edir. Yalnız 2006-2007-ci illərdən sonra yeni üzüm bağlarının salınması və bu prosesin hazırda da davam etdirilməsi üzüm bağlarının 17 500 hektara çatmasına səbəb olub ki, bunun da 500 hektarı "Az-Granata" MMC-yə məxsusdur. "Az-Granata" MMC tərəfindən 2017-ci ildə əlavə olaraq likör istehsalı üçün 10 hektar, meyvə araqları üçün isə 5 hektar meyvə bağları salındı.
Müəssisəmizin Ağsu rayonu ərazisində salınmış 400 hektar nar bağlarından 100 hektarına Almaniyanın "LACON GmbH" institutu tərəfindən BİO sertifikatı verilib.
Nar bağlarımızda "Bala Mürsəl", "Gülövşə", "Firuzeyi", "Donuz burnu", "Vələs" və s. kimi nar sortları yetişdirilir.
Fikrimcə, Azərbaycanda aborigen sortlar az əkildiyindən əlavə olaraq aborigen sortlardan ibarət 10-15 min hektar texniki üzüm bağının salınmasına ehtiyac var.
- "Az-Granata" zavodunun istehsal texnologiyası haqqında məlumat verə bilərsinizmi?
- "Az-Granata" MMC həm alkoqollu içkilər, həm də qeyri-alkoqollu içkilər sahəsində bir sıra yeniliklərə imza ata bildi ki, buna da səbəb müəssisəmizin professor Hasil Fətəliyevin rəhbərliyi altında Azərbaycan Dövlət Aqrar Universiteti ilə, o cümlədən professor Əhəd Nəbiyevin rəhbərliyi altında Azərbaycan Texnologiya Universiteti ilə yaxın əməkdaşlığıdır. Müəssisəmizdə də iki professorun fəaliyyət göstərməsi yeniliklərə marağın olduğunu göstərir. Müəssisəmizin son 7 ildə əldə etdiyi nailiyyətləri sadalamaq istərdim:
Azərbaycanın milli içkisi olan Abqoranın (qora suyunun) 1000 ildən artıq tarixi olsa da, sənayedə ilk dəfə "Az-Granata" müəssisəsində istehsal edilib.
Ölkəmizdə ilk dəfə olaraq Şotlandiya texnologiyası əsasında viski istehsalına nail olunub. Sevindirici haldır ki, viskilərimizin daxili bazardakı istehlakçılarının müəyyən bir hissəsi ölkəmizə gələn xarici qonaqlardır. Bu gün müəssisəmizin viski saxlama anbarında hər birinin tutumu 500 litr olan və Fransadan gətirilmiş çoxsaylı palıd çəlləklər var ki, biz bu çəlləklərdə hazırda 5-6 və 7 illik viskilərimizi saxlayırıq.
Yeni texnologiyalar əsasında yüksək keyfiyyətli milli içkimiz olan tut və zogal arağı istehsal edildi.
Azərbaycanda ilk dəfə olaraq "Türk rakısı" istehsalına nail olundu. Bunu Türkiyədə 30 illik rakı üzrə dequstatorluq təcrübəsi olan xanım Filiz Şənlər də "Az-Granata" istehsalı olan rakını dequstasiya etdikdən sonra təsdiq etmişdir.
Biz nəinki Azərbaycanda, dünyada ilk dəfə olaraq tam yeni bir texnologiya ilə vodka istehsalına başladıq və qısa zamanda bizim vodkalarımız bir çox xarici vodkalardan nəinki geri qalmadı, əksinə onları da keyfiyyətinə görə üstələdi. Bunun nəticəsidir ki, ölkəyə daxil olan xarici vodkalara tələbat 30%-dən çox azalıb. Bu da valyutamızın xarici ölkələrə axmasının müəyyən qədər qarşısını alır.
Biz vodka istehsalında təzə keçi südündən istifadə etməklə zəhərli maddələri vodkadan çıxarmaq üsulunu tətbiq etmişik. Bu texnologiya dünyada yeganə olaraq bizə məxsusdur. Düzdür, südlə emal var, amma onlar quru, yağsız südlə emal edirlər ki, quru süd də denaturasiyaya uğradığına görə məhsulun keyfiyyət göstəricilərini aşağı salır. Vodkalarımız 7-14 və 28 gün olmaqla dincə qoyulduqdan sonra süzülərək satışa təqdim edilir. "Az-Granata" vodkalarının tərkibinə bir il ərzində 20 tona yaxın təbii bal vurulur. Azərbaycanda elə bir müəssisə yoxdur ki, "Az-Granata" qədər əhalidən bal tədarük etsin.
Azərbaycanda ilk dəfə kolleksiya şərabını istehsal edərək satışa təqdim edən "Az-Granata" müəssisəsi oldu. Söhbət 30 illik "Mil" desert şərabından gedir. Bildiyimiz kimi, desert şərablar yüksək keyfiyyətli üzümdən xüsusi üsullarla hazırlanması ilə seçilir. 19-cu əsrdə Hummel qardaşları tərəfindən Gəncə şəhərində inşa edilən və yeraltı şərab anbarında 30 il palıd çəlləklərdə saxlanılan "Mil" ağ desert şərabı "Az-Granata" zavodunda soyuq üsulla süzülərək qablaşdırılıb.
Xüsusi vurğulamaq istədiyimiz daha bir yenilik var ki, bu da ölkəmizdə ilk dəfə məhz "Az-Granata" olaraq bizim tərəfimizdən tətbiq edilib: üç çeşiddə sıfır faizli şərabın, yəni alkoqolsuz şərabın istehsalına nail olduq. Bu, çoxlarına inandırıcı gəlmirdi, lakin biz bunu bacardıq. Belə ki, bu şərab alkoqollu şərabın vakuum aparatından keçirilməsi nəticəsində alınır. Alkoqolsuz şərabın tərkibindəki resveratrol, poliflavanoillər və bir sıra kompleks birləşmələr güclü antioksidant xüsusiyyətlərə malikdir. Bu da insanlarda xərçəng kimi ağır xəstəliyin yaranma riskini önəmli dərəcədə azaldır, bədəndə radioaktiv şüalanmanın qarşısını alır.
Alkoqolsuz şərabın insan orqanizmi üçün daha bir əhəmiyyətini də diqqətə çatdıraq ki, bu şərabdan hər gün 150 millilitr istifadə etməklə artıq çəkidən azad olmaq mümkündür.
Beləliklə, alkoqollu içkilərdən istifadə etməyən insanlarımıza da alkoqolsuz şərabı ərməğan etməklə xidmət etmiş olduq.
Ölkəmizdə ilk dəfə feyxoa meyvəsinin şirəsini istehsal edərək bazara daxil etdik.
Tetra-pak qablaşdırmalarda daxili və xarici bazarlarda satışa təqdim etdiyimiz bir çox çeşiddə kompotlarımız da var ki, indiyədək ölkəmizdə bizdən öncə tetra-pak qablaşdırmada kompot istehsalı edən bir müəssisə olmayıb.
Daha bir sevindirici hal odur ki, biz artıq müəssisəmizdə olan aseptik çənlərdə hazırlanan şirələrin Avropa ölkələrinə ixracına nail olduq. Qeyd edək ki, ölkəmizdə aseptik çən cəmi iki müəssisədə var ki, onun da biri elə "Az-Granata" müəssisəsidir.
Biz "Az-Granata" müəssisəsi olaraq Almaniya istehsallı ən müasir vakuum qurğusunu gətirərək konsentrat əldə etdik ki, bu konsentratı da bir sıra xarici ölkələrə göndəririk.
- Hansı məhsulların istehsalının genişləndirilməsinə tələbat var və istehsalata yeni məhsulun daxil olması planlaşdırılırmı?
- Nar şirələrinin və şərablarının istehsalına daha çox tələbat var. Əsasən də xarici bazarlarda bu məhsullara ehtiyac özünü göstərir.
- Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılmasında "Az-Granata"nın fəaliyyəti barədə məlumat verə bilərsinizmi? Ümumiyyətlə, "Az-Granata" məhsulları hansı xarici bazarlara çıxarılır? Yaxın zamanda yeni ixrac bazarlarına çıxış planlaşdırılırmı? İxrac potensialını artırmaq üçün hansı yeniliklər nəzərdə tutulub?
- 2018-ci ildə Çinin Şanxay şəhərində təşkil edilən şərab dequstasiyası müsabiqəsində bizim iştirakımız iki medal qazanmağımızla nəticələndi. Belə ki, müəssisəmizin istehsalı olan "Rübai" şərabı bürünc mükafata, "Kəhrəba" markalı şərab isə gümüş medala layiq görüldü.
"Az-Granata" məhsulları bu gün Rusiya, ABŞ, Kanada, Almaniya, Fransa, Niderland, Belçika, Polşa, Çexiya, Avstriya, Macarıstan, Ukrayna, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Yaponiya, Çin, Bəhreyn, İsrail və Avstraliyaya, ümumilikdə 27 ölkəyə ixrac edilir.
18 çeşiddə alkoqollu içkilərimizlə və müxtəlif şirələrimizlə Rusiya və Ukrayna bazarlarına daxil olmuşuq.
Yeni müştərilər tapmaq və mövcud müştərilərimizin istəklərini təmin etmək üçün imkanlarımızdan tam istifadə edirik. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən ixrac missiyaları, biznes-forumlar və sərgilər bizə daha geniş müştəri bazarlarına çıxmağa kömək edir.