“Yapı Kredi Bank Azərbaycan”da gəlirlər artsa da, xalis mənfəət 20 %-ə yaxın azalıb
"Yapı Kredi Bank Azərbaycan" QSC 2025-ci ili 9,975 milyon manat xalis mənfəətlə başa vurub.
Bankın maliyyə hesabatına əsasən, bu, 2024-cü illə müqayisədə 19,4 % azdır.
Ötən il "Yapı Kredi Bank Azərbaycan"ın gəlirləri 81,705 milyon manat (əvvəlki ilə nisbətən 13,4 % çox), xərcləri 60,265 milyon manat (15,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 9,704 milyon manat (2,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,762 milyon manat (54,7 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Yapı Kredi Bank Azərbaycan"ın aktivləri 792,728 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,5 % çoxdur. Bunun 435,768 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 50,4 % böyüyüb.
Hesabat dövründə "Yapı Kredi Bank Azərbaycan"ın öhdəlikləri 7,9 % artaraq 669,155 milyon manat, o cümlədən depozit portfeli 1,3 % azalaraq 527,743 milyon manat olub. Azalma daha çox əhalinin depozitlərində qeydə alınıb, şirkətlərin hesablarındakı vəsaitlərdə isə artım baş verib.
Bankın balans kapitalı isə 12,4 % artaraq 123,573 milyon manat olub. Bu isə daha çox bölüşdürülməmiş mənfəətin artması hesabınadır. Bankın məcmu kapitalı 109 milyon manat, məcmu kapitalın adekvatlıq əmsalı isə 17 faizdir.
Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.


















