İranın Azərbaycandakı bankı: "Biz İran pulu ilə işləmirik"
Azərbaycan Mərkəzi Bankı İran rialı ilə bağlı məzənnəni açıqlamır. İranın Azərbaycandakı bankı Bank Melli İranın rəsmi səhifəsində də məzənnələr göstərilməyib.
ENA.az-a Bankdan bildiriblər ki, "Biz İran pulu ilə işləmirik. Hazırda İran pulu almırıq və satmırıq".
Qeyd edək ki, Türkiyədə valyutadəyişmə məntəqələri bugün 1 AZN-i 865 min İran Rialına ticarət edirlər. 1 Dollar isə 1 milyon 455 min Rial-dır.
İranda sabit, dövlət tərəfindən müəyyən edilmiş valyuta məzənnəsinə çıxış imkanı isə imtiyazlı bir neçə nəfər üçündür və xarici media yazır ki, burada, İnqilab Keşikçiləri ilə əlaqəli iqtisadi şəbəkələr növbənin ön hissəsində dayanır. İran hazırda valyutanın sürətli devalvasiyası və qiymətlərin artması ilə başlayan və davam edən ümumxalq etirazlarının içindədir.
Tikinti və enerjidən tutmuş limanlara və telekommunikasiyaya qədər İranın güclü İnqilab Keşikçiləri iqtisadiyyatın böyük bir hissəsinə hakimdir.
1979-cu ildə ölkədə hakimiyyət dəyişikliyindən sonra qurulan bu qurum respublikanın İslam təməllərini qorumağa və xaricdə qüvvələr yaratmağa çalışır.
Onun iqtisadi rolu 1980-ci ildən 1988-ci ilə qədər davam edən İran-İraq müharibəsi zamanı genişləndi və bu zaman münaqişəni davam etdirmək üçün müstəqil mühəndislik və logistika imkanları qurdu.
Hökumət günahı yalnız ölkəyə tətbiq edilən geniş qlobal sanksiyaların üzərinə atmağa çalışsa da, etirazçılar etirazlarının səbəbini açıq şəkildə ölkə rəhbərliyi ilə əlaqələndirirlər. İranın bir neçə şəhərinin küçələrində "Diktatora ölüm" və ya "Xameneiyə ölüm" kimi şüarlar səslənib və etirazçılar "demokratiya və bərabərlik" tələb ediblər.


















