Naxçıvanda iqtisadi vəziyyət necədir? - SON MƏLUMATLAR
Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 1 milyard 490 milyon 515 min 800 manat olub.
Naxçıvan MR Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,6 % çoxdur.
Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 3,2 % artaraq 3 159,8 manat olub.
Nominal əməkhaqqı artımı
Muxtar Respublikada orta aylıq nominal əməkhaqqı 812 manat olub. Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3 % çoxdur.
Sənaye istehsalında məhsul tərkibi
Muxtar Respublikasında 441 milyon 468 min 300 manatlıq sənaye məhsulu istehsal edilib. Bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 14,1 % çoxdur. Sənaye məhsulunun 364 milyon 519 min 200 manatı və ya 82,6 %-i malların, 76 milyon 949 min 100 manatı və ya 17,4 %-i isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,1 %-i mədənçıxarma, 76,9 %-i emal, 19,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Aqrar sahədə azalma
Həmçinin bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 344 milyon 361 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsul istehsalı 2,7 % azalıb.
Bunun 190 milyon 588 min 600 manatı bitkiçilik sahəsi üzrə, 153 milyon 772 min 600 manatı isə heyvandarlıq sahəsi üzrə olub.
Əsas kapitala vəsait qoyuluşunun 72 faizi tikintinin payına düşüb
Eləcə də, Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 204 milyon 18 min 500 manat vəsait yönəldilib. Bu, bir il öncəki göstəricidən 45,4 % çoxdur.
Məlumata görə, istifadə olunan vəsaitin 72 milyon 963 min 400 manatı və ya 35,8 %-i məhsul istehsalı sahələrinə, 48 milyon 857 min 300 manatı və ya 23,9 %-i xidmət sahələrinə, 82 milyon 197 min 800 manatı və ya 40,3 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala vəsait qoyuluşunun 146 milyon 392 min 400 manatı və ya 71,8 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,2 % çoxdur.
Naxçıvanda yük və sərnişin daşınması 1 %-dən çox artıb
Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 6 milyon 663 min 100 ton yük, 44 milyon 84 min 400 sərnişin daşınıb.
Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1 %, sərnişin daşınması isə 1,1 % artıb.
Bundan başqa, bu ilin yanvar-noyabr aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 % artaraq 33 milyon 416 min manat olub. Xidmətlərin 40,2 %-i mobil telefon rabitəsi sahəsində, 66,3 %-i isə qeyri-dövlət sektorunda formalaşıb.
Naxçıvanda idxal azalıb, ixrac 32 %-ə yaxın artıb
Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 113 milyon 277 min 120 ABŞ dolları təşkil edib. Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə muxtar respublikanın xarici ticarət dövriyyəsi 1,3 % artıb.
Ticarət dövriyyəsinin 12 milyon 780 min 860 ABŞ dollarını və ya 11,3 %-ini ixrac olunmuş məhsulların, 100 milyon 496 min 260 ABŞ dollarını və ya 88,7 %-ini isə idxal məhsullarının dəyəri təşkil edib. İllik müqayisədə idxal 4,3 % azalıb, ixrac isə 31,6 % artıb.
Pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 1 milyard 245 milyon 309 min 600 manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 % çoxdur.
Ticarət şəbəkəsində 641 milyon 334 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 603 milyon 975 min 200 manatlıq qeyri-qida məhsulları satılıb.
Eyni zamanda, bu ilin yanvar-noyabr aylarında muxtar respublikada əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 182 milyon 330 min 600 manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,6 % çoxdur.


















