Hadisə

Eks-nazirin qardaşı 140 min dollar ödədi, barışdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq Daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun məhkəməsi keçirilib.

Hakim Samir Əliyevin icraatında olan prosesdə hər iki zərərçəkmiş məhkəməyə ərizə təqdim edib. Onlar təqsirləndirilən Ə.Əhmədovla barışdıqlarını bildiriblər. Zərərçəkmiş Rəşad Tahirov məhkəməyə təqdim etdiyi ərizəsində bildirib ki, ona dəymiş 140 min dollar tam şəkildə ödənilib. 

Əvəz Əhmədovun vəkili çıxış edərək bildirib ki, müvəkkilinə qarşı irəli sürülmüş ittiham əsassızdır: “Rəşad Tahirov deyir ki, Əvəz Əhmədovun ona, ailə üzvlərinə nəsə edəcəyindən ehtiyat edib. Buna görə də Hörmət Əsgərovun əvəzinə Əvəz Əhmədova pul verib. Axı bu ifadədən də aydın olur ki, Əvəz Əhmədov heç kimə hədə-qorxu gəlməyib. Rəşad Tahirov özü-özündən qorxub, ehtiyat edib kiməsə pul veribsə, bu, o demək deyil ki, Əvəz Əhmədov onu hədələyib.  

Digər zərərçəkmiş Hörmət Əsgərovun epizodunda isə aydın olur ki, burada adam oğurluğundan söhbət getmir, heç bir otaqda gizli saxlamayıb. Hörmət Əsgərov dedi ki, mübahisə zamanı oradan qaçmaq imkanı olub. Qapı açıq olsa da qaçmağı özünə sığışdırmayıb”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)