"Bakı Metropoliteni” əməkhaqlarının ödənilməməsinə aydınlıq gətirdi

"Bakı Metropoliteni” son zamanlar qurumda əməkhaqqı ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.
Qurumdan Teleqraf-a bildirilib ki, əməkhaqqı ödənişləri cəmiyyətin təsdiq edilmiş büdcəsi çərçivəsində, əməkhaqqı fondunun ayrılmış məbləğinə uyğun olaraq plan üzrə və tam həcmdə həyata keçirilir. Ödənişlərin icrası əmək müqavilələrinin şərtlərinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə təmin olunur:
"Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. “Bakı Metropoliteni” QSC tərəfindən cari ilin yanvarın 1-dən etibarən müvafiq tədbirlər həyata keçirilib. Minimum əməkhaqqında edilən dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşların əməkhaqqına tətbiq edilib. Hazırda Bakı Metropolitenində əmək haqqı qanunvericiliyin tələblərinə tam uyğundur və qurumun ödənilməmiş əmək haqqı öhdəliyi yoxdur".
O da bildirilib ki, əməkhaqqı artımları cəmiyyətin təsdiq edilmiş büdcəsi, gəlir və xərclər nəzərə alınmaqla, korporativ idarəetmə prinsipləri çərçivəsində qəbul edilən qərarlar əsasında həyata keçirilə bilər. Hazırda Cəmiyyətin belə artımlarla bağlı hər hansı öhdəliyi mövcud deyildir:
"Əməkhaqqı məbləğlərinə dair hər hansı dəyişiklik və ya yenilənmə baş verdiyi halda, bu barədə əməkdaşlar və aidiyyəti qurumlar rəsmi qaydada məlumatlandırılacaqdır".