Sədr problemli kreditlərə güzəştin banklara təsirindən danışdı
"Fərman ölkənin sosial-iqtisadi həyatında, həqiqətən çox mühüm hadisədir".
"Businessinsider.az" xəbər verir ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov müsahibəsində fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı haqqında danışarkən deyib. A. İbrahimov əlavə edib ki, müvafiq dövlət qurumları tərəfindən verilən açıqlamalara görə, dövlətimizin bu dəstəyi 800 mindən artıq vətəndaşı əhatə edəcək:
"Təbii ki, Fərman, ilk növbədə, əhalinin maliyyə itkilərinin qarşılanmasına, borc yüklərinin yüngülləşdirilməsinə və vətəndaşların sosial-rifah halının yaxşılaşdırılmasına xidmət edir. Vətəndaşlarımızla yanaşı, bu fərmanın ölkəmizin bank sektoruna da çox müsbət təsirləri olacaq. Bildiyiniz kimi, devalvasiyadan sonrakı müəyyən bir dövrdə banklarımızın maliyyə vasitəçisi kimi mövqeyi zəifləmişdi. Bu addım sayəsində banklarımızın kapital mövqeyi güclənəcək. Problemin həlli üçün Fərmanda irəli sürülmüş ən optimal model sayəsində vətəndaşlar borc yükündən azad olmaqla yanaşı, banklar da böyük həcmdə likvid vəsaitlər əldə edəcəklər. Bununla kreditləşmə fəaliyyəti güclənəcək, yeni biznes layihələrinin maliyyələşdirilməsi üçün əlavə imkanlar yaranacaq".